Azərbaycan Gəncləri Günü münasibətilə tələbələr arasında velosiped yarışı təşkil edilib
Bakı, 2 fevral, AZƏRTAC
2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tələbələr arasında velosiped yarışı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının və Respublika Velotrekinin təşkilatçılğı ilə keçirilən yarışda Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyasının tələbələri iştirak ediblər.
Yarışın qaliblərinin mükafatlandırılması mərasimində Azərbaycan Gəncləri Gününün ölkə gəncləri üçün əhəmiyyətindən, dövlət gənclər siyasətinin uğurla reallaşdırılması nəticəsində qazanılan nailiyyətlərdən danışılıb. Bildirilib ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə yüksək diqqətin nəticəsidir.
Sonra tələbələr arasında təşkil olunan yarışın qaliblərinə mükafatlar təqdim edilib.
Tədbir bədii proqramla davam etdirilib.