“AZƏRBAYCAN HAVA YOLLARI” DÖVLƏT KONSERNİ YENİ TƏYYARƏNİ QƏBUL ETMİŞDİR
“Azərbaycan Hava Yolları” Dövlət Konserni baş direktorunun müavini Arif Məmmədov bu münasibətlə keçirilmiş təntənəli mərasimdə bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən il avqustun 25-də Almaniyaya rəsmi səfəri zamanı AFR kansleri Gerhard Şröderin iştirakı ilə Dövlət Konserni və “Airbus” şirkəti arasında “A-319” tipli 4 sərnişin təyyarəsinin alınması haqqında müqavilə imzalanmışdı. Bu, həmin müqaviləyə əsasən alınan ikinci təyyarədir. Birinci belə təyyarə Bakıya sentyabrın 2-də gətirilmişdir.
A.Məmmədov demişdir ki, 122 yerlik iki salondan ibarət təyyarə uçuşun təhlükəsizliyini yüksək səviyyədə təmin edən ən müasir avadanlıqla təchiz olunmuş, burada sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır.
Baş direktorun müavini aviatorları bu əlamətdar hadisə münasibətilə təbrik edərək, milli aviasiyamızın inkişafına daim diqqət və qayğısına görə Azərbaycan Prezidenti İlham Əliyevə kollektivin adından minnətdarlığını bildirmiş və demişdir ki, onlar göstərilən etimadı doğruldacaqlar.
Sonra Dövlət Konserni baş direktorunun birinci müavini Sabir İlyasov yeni təyyarənin pilləkəni qarşısında rəmzi qırmızı lenti kəsmişdir.