Azərbaycan ilə Argentina arasında siyasi məsləhətləşmələr keçirilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan ilə Argentina arasında siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov argentinalı həmkarı Eduardo Zuain ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan və Argentina arasındakı ikitərəfli siyasi münasibətlərin inkişaf səviyyəsini yüksək qiymətləndirən Xələf Xələfov ticarət-iqtisadi əməkdaşlığın ölkələrimizin potensialına cavab vermədiyini, informasiya texnologiyaları, kənd təsərrüfatı, energetika, turizm, sənaye kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırıb. Mütəmadi əsasda siyasi məsləhətləşmələrin aparılmasının sözügedən sahələrdə yeni imkanların müəyyən edilməsində əhəmiyyətini vurğulayan X.Xələfov ölkəmizin təşəbbüsü və iştirakı ilə regionumuzda reallaşdırılan layihələr və onların əhəmiyyəti haqqında məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən nazir müavini həll olunmamış münaqişələrin regionumuz üçün böyük təhdid olduğunu, eləcə də regionun inkişafına böyük maneələr yaratdığını söyləyib. Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini diqqətə çatdıran X.Xələfov 20 ildən çoxdur ki, münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupu tərəfindən nəzərəçarpacaq irəliləyişin əldə olunmadığını bildirib. Qarşılıqlı etimadın qurulması üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasının və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının zəruriliyi vurğulanıb.
Azərbaycanda olmasından məmnunluğunu bildirən argentinalı nazir müavini birinci Avropa Oyunlarının möhtəşəm təşkilinə görə ölkəmizi təbrik edib. Azərbaycanın energetika sahəsində böyük təcrübəsinin olduğunu diqqətə çatdıran Eduardo Zuain ölkəmizin təcrübəsinin öyrənilməsi baxımından Argentinanın Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Həmçinin nüvə enerjisinin dinc məqsədlər üçün istifadə edilməsi və kosmik texnologiya sahəsində münasibətlərin inkişafı üçün geniş potensialın olduğu bildirilib. Mədəniyyət günlərinin keçirilməsinin və hər iki ölkənin Diplomatik akademiyaları arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyi bildirilib. Argentinanın ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesini dəstəklədiyini söyləyən E.Zuain beynəlxalq təşkilatlarda işləmə mexanizminin olmamasının münaqişələrin həllinin uzanmasında əsas amil olduğunu deyib və əlavə edib ki, bu səbəbdən BMT sistemində köklü islahatların aparılması zəruridir. Dövlətlərin ərazi bütövlüyü prinsipinin Argentinanın xarici siyasətində prioritetlərdən biri olduğunu bildirən argentinalı nazir müavini münaqişələrin həllində ölkəsinin bu prinsipdən çıxış etdiyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.