AZƏRBAYCAN İLƏ AVROPA İTTİFAQININ ƏMƏKDAŞLIĞI GENİŞLƏNİR
Beynəlxalq qurumlara sürətlə inteqrasiya edən ölkəmizin Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini bildirən nazir, Azərbaycanda geniş vüsət almış demokratik proseslərdən söhbət açaraq, milli qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, söz və mətbuat azadlığının təmin edilməsi və digər sahələrdə həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Dövlətimizin başçısının tapşırığına əsasən, məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən genişmiqyaslı işləri diqqətə çatdıran F.Məmmədov, bölgələrdə apellyasiya və iqtisad məhkəmələrinin təşkilinin, yeni hüquq təsisatları yaradılmasının insanlara, onların hüquq və azadlıqlarının daha etibarlı təminatına dövlət qayğısının təzahürü olduğunu bildirmişdir.
Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatının əhəmiyyətini və maraq doğurduğunu vurğulayan Peter Semnebey Avropa İttifaqının Azərbaycanla hərtərəfli, o cümlədən hüquqi əməkdaşlığa mühüm önəm verdiyini qeyd etmiş, məhkəmə sisteminin təkmilləşdirilməsində ehtiyacların müəyyənləşdirilməsinin zəruriliyini və təmsil etdiyi qurumun bu və digər sahələrdə yardım göstərməyə hazır olduğunu söyləmişdir.
Görüşdə söz və mətbuat azadlığına ölkəmizdə əlverişli şərait yaradılması, xüsusilə, dövlətimizin başçısının bu məsələdə mütərəqqi mövqeyi qeyd olunaraq, əməkdaşlığın inkişaf perspektivləri və digər konkret məsələlər barədə geniş və səmərəli fikir mübadiləsi aparılmışdır.