AZƏRBAYCAN İLƏ BELARUS ARASINDA ƏLAQƏLƏRİN GENİŞLƏNDİRİLMƏSİ ÜÇÜN BÖYÜK İMKANLAR VARDIR
Ölkəsinin xarici işlər nazirinin salamlarını çatdıran səfir, etimadnaməsinin surətini E.Məmmədyarova təqdim etmişdir. Səfir Belarusun Bakıda səfirliyinin açılmasını yüksək qiymətləndirərək, bunun ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə və əlaqələrin daimi əsasda inkişafına şərait yaradacağını söyləmiş, bu istiqamətdə Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyini vurğulamışdır.
Belarus tərəfinin Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu qeyd edən N.Paskeviç, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasını, birgə müəssisələrin yaradılmasını, paytaxtlar arasında işgüzar əlaqələrin qurulmasını vacib saymışdır.
Nazir E.Məmmədyarov Belarusun Azərbaycanda səfirliyini açmasını ikitərəfli münasibətlərin inkişafında vacib amil hesab etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Belarusun respublikamızın ərazi bütövlüyünü dəstəkləməsinin əhəmiyyətini vurğulayan nazir, Azərbaycan rəhbərliyinin beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, ölkəmizin ərazi bütövlüyünün bərpasında israrlı olduğunu diqqətə çarpdırmışdır.
Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasına Azərbaycanın da maraqlı olduğunu bildirən E.Məmmədyarov, digər sahələrdə də əməkdaşlığın möhkəmləndirilməsinin hər iki tərəfə faydasını vurğulamışdır. O, Azərbaycanda turizm üçün əlverişli iqlim şəraitini qeyd etmiş, turizm, mədəniyyət, idman və digər sahələrdə əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirmişdir.
N.Paskeviç Bakıda ölkəsinin milli sərgisinin təşkili, biznes-forum keçirilməsi, bir sıra müəssisələrin nümayəndələrinin Azərbaycana dəvət edilməsi kimi təşəbbüslərin nəzərdə tutulduğunu demişdir.
Bildirilmişdir ki, birgə iqtisadi əməkdaşlıq üçün Azərbaycanda geniş potensial vardır.
Nazir Elmar Məmmədyarov səfirə fəaliyyətində uğurlar arzulamışdır.