SİYASƏT
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr uğurla inkişaf edir
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tolerantlıq üzrə dövlət naziri xanım Şeyxə Lubna Al Qassimi ilə görüşündə ölkələrimiz arasında əlaqələrin uğurla inkişafından, dostluq və tərəfdaşlıq münasibətlərinin mövcudluğundan razılıq ifadə olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov Azərbaycanla BƏƏ arasında əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb.
Şeyxə Lubna Al Qassimi Bakıda keçirilən VII Qlobal Forumun işini yüksək qiymətləndirib.
Tərəflər hər iki ölkə vətəndaşları üçün viza rəsmiləşdirilməsinin asanlaşdırılması və aviareyslərin sayının çoxaldılmasının qarşılıqlı turist səfərlərinin artmasına xidmət etdiyini bildiriblər.
Görüşdə, həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın önəmi qeyd olunub, müxtəlif layihələr üzrə birgə sərmayələrin yatırılması və birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.