MƏDƏNİYYƏT
Azərbaycan ilə Braziliya arasında turizm əlaqələri müzakirə olunub
Bakı, 23 noyabr, AZƏRTAC
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Braziliyanın turizm naziri Selso Sabino arasında keçirilən görüşdə ölkələrimiz arasında turizm əlaqələrinin perspektivləri müzakirə edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda keçirilən COP29 tədbirində turizm mövzusuna xüsusi günün həsr olunması, burada səsləndirilən təşəbbüslərin davamlılığının COP30 tədbirində də saxlanılması, həmçinin bu istiqamətdə birgə fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin turizm üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı tədbirlərin təşkili məsələləri müzakirə olunub.
Görüş çərçivəsində Dövlət Turizm Agentliyinin inzibati binasının önündə Agentlik sədri Fuad Nağıyev və Braziliyanın turizm naziri Selso Sabino nar ağacı əkiblər.
Fuad Nağıyev Selso Sabinoya öz ölkəsində əkməsi üçün simvolik olaraq nar ağacı hədiyyə edib ki, COP29-da turizm sahəsində əldə edilmiş razılaşmalar, COP30-un ev sahibi kimi Braziliyada da davam etdirilsin, bununla da turizm və iqlim mövzularının COP-un davamlı olaraq gündəliyinə salınması təmin edilmiş olsun.