SİYASƏT
Azərbaycan ilə Efiopiya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Əddis-Əbəbə, 20 aprel, AZƏRTAC
Efiopiyanın Xarici İşlər Nazirliyinin dövlət naziri səfir Taye Astke-Selassienin Azərbaycanın bu ölkədəki səfiri Elman Abdullayevlə görüşündə ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə səfir E.Abdullayev bu vəzifəyə təyin olunması münasibətilə Taye Astke-Selassieni təbrik edib, yeni fəaliyyətində ona uğurlar arzulayıb. Həmçinin Azərbaycan səfiri ölkəmizin regionun lider dövləti olduğunu, bölgədə irimiqyaslı layihələrin həyata keçirilməsində aparıcı rol oynadığını və bir çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini efiopiyalı rəsminin diqqətinə çatdırıb.
Dövlət naziri səmimi təbrikə görə təşəkkürünü bildirib. O, ölkəsinin Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu və bunun üçün böyük potensialın mövcudluğunu qeyd edib.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı perspektivləri, o cümlədən iqtisadiyyat, mədəniyyət, turizm, elm və təhsil sahələri üzrə əməkdaşlıq müzakirə edilib. Bu münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin, təcrübə mübadiləsinin aparılmasının və hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi vurğulanıb. Eyni zamanda, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə