İQTİSADİYYAT
Azərbaycan ilə Əlcəzair arasında enerji sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Əlcəzairin energetika və mədən naziri Məhəmməd Arkab arasında videokonfrans vasitəsilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş əsnasında tərəflər iki ölkənin şirkətləri arasında, xüsusilə karbohidrogen sektorunda investisiya imkanlarını nəzərdən keçiriblər.
Tərəflər, həmçinin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə edib və əlaqələrin yüksək səviyyəsindən məmnun olduqlarını bildiriblər. Bu kontekstdə hər iki tərəf 2022-ci ilin noyabrında Azərbaycanın nazirinin işgüzar səfəri zamanı Əlcəzairdə imzalanmış Anlaşma Memorandumuna uyğun müzakirə edilən məsələlər üzrə razılığa gəliblər. Eyni zamanda, karbohidrogen sektorunda dəyər zəncirinin bütün mərhələlərində iki ölkənin şirkətləri arasında investisiya imkanları, o cümlədən SOCAR və “Sonatrach” şirkətləri arasında əməkdaşlığın və təcrübə mübadiləsinin intensivləşdirilməsi yolları nəzərdən keçirilib.
Müzakirə zamanı karbohidrogen ehtiyatları və bütövlükdə neft-qaz sənayesində, eləcə də bərpa olunan enerji, enerji səmərəliliyi və texnoloji sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qaz və neft bazarlarının inkişafını öyrəndikdən sonra ortamüddətli perspektivdə OPEC və qeyri-OPEC ölkələri arasında daimi dialoq prosesini, eləcə də iki ölkə arasında məsləhətləşmələri yüksək qiymətləndiriblər.