AZƏRBAYCAN İLƏ İRAN ARASINDA ƏLAQƏLƏR BUNDAN SONRA DA İNKİŞAF ETDİRİLƏCƏK
Milli Məclisin sədri qonağı səmimiyyətlə salamladıqdan sonra İran və Azərbaycan arasındakı mehriban qonşuluq, dostluq əlaqələrinin tarixindən söz açmış, bu əlaqələrin bundan sonra da durmadan inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin İrana səfərlərini xatırladan Oqtay Əsədov demişdir ki, bu səfərlər zamanı imzalanmış çoxsaylı sənədlər münasibətlərimizin genişlənməsində və möhkəmlənməsində mühüm rol oynayır. Parlamentlərimiz yaranmış bu şəraitdən istifadə edərək, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafına yardımçı olacaqdır.
Səmimi qəbul və xoş sözlər üçün minnətdarlıq edən səfir Əfşar Süleymani İran İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adilin adından və öz adından Oqtay Əsədovu Milli Məclisin sədri seçilməsi münasibətilə təbrik etmiş və ölkəsinin parlament sədrinin məktubunu ona təqdim etmişdir.
Diplomat demişdir ki, İran qonşu və dost Azərbaycanın çiçəklənməsini istəyir. Noyabrın 6-da Milli Məclisə keçirilmiş seçkilər iranlı müşahidəçilər tərəfindən də izlənmiş və onlar bu seçkilərin tam demokratik və şəffaf keçirildiyini bildirmişlər.
Əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin təşkilinin vacibliyini vurğulayan Ə.Süleymani Milli Məclisdə İran parlamenti ilə dostluq qrupunun yaradılmasını razılıqla qarşılamışdır. Səfir Prezident İlham Əliyevin İrana son səfərini məmnunluqla xatırlatmış və bu səfər zamanı əldə edilmiş razılaşmaların nəticəsi olaraq, gələn həftədən İrandan Naxçıvana təbii qazın verilməsinə başlanacağını açıqlamışdır.