Azərbaycan ilə İraq arasında mədəni əlaqələrin perspektivi müzakirə edilib
Bağdad, 8 dekabr AZƏRTAC.
Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov bu ölkənin mədəniyyət, turizm və əntiq əşyalar naziri Hassan Nazim ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin perspektivləri müzakirə edilib. N.Məmmədov Azərbaycanın tarixi, dini və mədəni köklərlə bağlı olduğu İraq ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirib.
Qeyd olundu ki, “İraq Respublikası ilə Azərbaycan Respublikalarının Mədəniyyət və İnformasiya Nazirlikləri arasında Saziş” və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə İraq Respublikası Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” çərçivəsində əməkdaşlığın gücləndirilməsi zəruridir və tərəflər üçün faydalıdır.
Nazir Hassan Nazim ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın 30 ilə yaxın işğal altında olmuş ərazilərinin azad olunması münasibətilə təbrik edərək, gələcəkdə bu bölgədə sülh içində həyatın davam edilməsini arzu edib.
Daha sonra nazir iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və gələcək əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcudluğunu nəzərə çatdırıb.
Görüşdən sonra İraq Milli Muzeyinə baxış olub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bağdad