Azərbaycan ilə Litva arasında bir sıra sahələrdə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb
Vilnüs, 21 sentyabr, AZƏRTAC
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin Ukmerqe şəhərinə səfər edib. Diplomat Ukmerqe şəhərinin meriyasında, polis komissarlığında, texnologiya və biznes məktəbində, rəssamlıq məktəbində olub, o cümlədən iş adamları ilə görüşüb.
Şəhər meri Ronaldas Yaniskas ilə görüşdə regionlararası əməkdaşlıq məsələləri müzakirə olunub. Səfir Azərbaycan-Litva ikitərəfli və çoxtərəfli münasibətlərinin dinamik inkişaf etdiyini bildirib, artıq regionlar arasında da əlaqələrin yaradıldığını vurğulayıb. O, həmçinin Litvanın Şaulyay şəhəri ilə Azərbaycanın Şəmkir şəhəri arasında qurulmuş uğurlu əlaqələrdən danışıb.
Polis komissarlığında keçirilən görüşdə komissarlığın rəisi Mindauqas Petrauskas avqust ayında Vilnüs şəhər komissarlığının rəhbəri ilə birgə Azərbaycanda işgüzar səfərdə olduğunu qeyd edib, ölkəmizdən yaxşı təəssüratlarla qayıtdığını bildirib. O, Azərbaycan polisinin müasir avadanlıqla təchiz edilməsindən və peşəkarlığından heyran olduğunu bildirib.
Ukmerqe texnologiya və biznes, o cümlədən şəhər rəssamlıq məktəblərində keçirilən görüşlərdə H.Məmmədzadə Azərbaycan rəhbərliyi tərəfindən təhsil sahəsinə, o cümlədən peşə məktəblərinin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib. Bu sahədə təcrübə mübadiləsinin aparılması məqsədilə sentyabr ayında Azərbaycan nümayəndə heyətinin Litvaya səfər edəcəyi diqqətə çatdırılıb.
Səfər çərçivəsində səfir Ukmerqe şəhər sənaye müəssisələrində olub, sənaye konfederasiyası nümayəndələri və iş adamları ilə görüşüb. Görüşdə iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs