AZƏRBAYCAN İLƏ MACARISTANIN ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, qonağı salamlayan nazir E.Məmmədyarov Azərbaycanın Macarıstanda səfirliyinin açılmasının ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət təsir göstərdiyini qeyd etmiş, Macarıstan tərəfinin bu işdə göstərdiyi köməyə görə təşəkkürünü bildirmişdir. Nazir E.Məmmədyarov Azərbaycanın və Şərqi Avropa ölkələrinin, o cümlədən Macarıstanın oxşar tarixə malik olduğunu diqqətə çatdırmışdır.Azərbaycan Prezidenti ilə görüşdən məmnun qaldığını bildirən qonaq, ikitərəfli əməkdaşlıq məsələlərinə toxunaraq, bunun ölkələrimizin maraqlarına uyğun olduğunu qeyd etmişdir. Təhlükəsizlik sahəsində əməkdaşlıqdan danışan general-mayor Layoş Qalanboş, terrorizm, narkotik qaçaqmalçılığı, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması kimi qlobal çağırışlara cavab verməyin zəruriliyini vurğulamış, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstan və İraqda sülhyaratma əməliyyatlarında iştirakını yüksək qiymətləndirmişdir.
Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin əsas problemi olduğunu qonağın diqqətinə çatdıraraq, qlobal terrorizmin əsrimizin bəlası olduğunu bildirmiş və bu qəbildən olan problemlərin qarşısını almaqla bağlı çağırışlara birgə səylərlə cavab verməyin vacibliyini qeyd etmişdir.
İqtisadi sahədə əməkdaşlığa toxunan nazir Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu layihələrinin ölkəmizin və regionun inkişafına güclü təkan verəcəyini vurğulamış, Azərbaycanda ümumi daxili məhsulun hər il sürətlə artdığını qeyd etmiş və ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensial olduğunu diqqətə çatdırmışdır. Nazir demişdir ki, Macarıstanın əczaçılıq, turizm və kənd təsərrüfatı sahəsində böyük təcrübəsi vardır və bu təcrübə Azərbaycan üçün faydalı ola bilər.
Qonaq Azərbaycanın iqtisadi imkanları barədə ölkəsinin müvafiq qurumlarına məlumat verəcəyini söyləmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər də müzakirə olunmuşdur.