SİYASƏT
Azərbaycan ilə Türkiyənin regionları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
Bakı, 23 avqust (AZƏRTAC). Türkiyə-Azərbaycan Biznes Şurasının təşkilatçılığı ilə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov avqustun 20-dən 22-dək İzmir və Manisa şəhərlərində olub.
Səfirlikdən AZƏRTAC-a daxil olmuş məlumata görə səfir Faiq Bağırov İzmirin Əliağa rayonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən inşa edilmiş Heydər Əliyev adına Texniki və Sənaye Peşə Liseyi ilə tanış olub. Bu təhsil ocağına ölkəmiz haqqında kitablar və jurnallar hədiyyə edib.
Sonra “Petkim Petrokimya” şirkətinə gələn səfirə müəssisənin baş direktoru Sadettin Korkut ARDNŞ tərəfindən Əliağa rayonunda həyata keçirilən investisiya layihələri, o cümlədən “Petkim” neft-kimya kompleksi, “Star” neftayırma zavodu, “Petlim” konteyner limanının inşası durumu ilə bağlı məlumat verib.
Daha sonra səfir Faiq Bağırov İzmir valisi Mustafa Toprak, böyükşəhər bələdiyyəsinin sədr müavini Sırrı Aydoğan, Egey bölgəsi sənaye palatasının sədri Ender Yorgancılar, eləcə də Azərbaycanın bu şəhərdəki diasporunun nümayəndələri ilə görüşüb.
Görüşlərdə Azərbaycan-Türkiyə əlaqələrinin əhəmiyyəti qeyd olunub və bütün sahələrdə uğurla inkişaf edən əməkdaşlığın ölkələrimizin regionları arasında daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Səfir Faiq Bağırov Egey bölgəsinin sənaye palatasında iş adamlarının toplantısında çıxış edərək ölkəmiz haqqında ətraflı məlumat verib. Diplomat izmirli iş adamlarını regionun ən sürətlə inkişaf edən ölkəsi olan Azərbaycana investisiya qoymağa dəvət edib. Səfir İzmirdə “Egey sərbəst sənaye bölgəsi” ilə də tanış olub.
Regiona səfərinin üçüncü günündə Faiq Bağırov Manisada olub. Səfir Manisa valisi Erdoğan Bektaş, böyükşəhər bələdiyyəsinin baş katibi Halil Memiş, ticarət və sənaye palatasının sədri Yaşar Coşkun, habelə Manisa-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin üzvləri ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyəsindən söhbət açılıb və bölgələrimiz arasında əlaqələrin inkişafının əhəmiyyəti haqda müzakirələr aparılıb.
Səfir Manisa Ticarət və Sənaye Palatasında iş adamlarının toplantısına qatılıb, Azərbaycanın sürətli iqtisadi inkişafı və ölkəmizdə mövcud olan əlverişli investisiya mühitindən bəhs edib.
Diplomat “Manisa mütəşəkkil sənaye bölgəsi” ilə də tanış olub.