Azərbaycan ilə Vyetnam arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensial mövcuddur
Bakı, 5 aprel, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində Vyetnamın xarici işlər nazirinin müavini Danq Din Quy ilə görüşüb.
XİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Danq Din Quy ölkəmizdə olmasından məmnunluğunu bildirib və tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.
Görüşdə tərəflər Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il mayın 18-19-da Vyetnama və Vyetnam Prezidenti Çıonq Tan Sangın 2015-ci il mayın 13-15-də Azərbaycana dövlət səfərlərinin ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ açdığını xüsusilə qeyd ediblər.
Azərbaycan ilə Vyetnam arasında münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən tərəflər qarşılıqlı səfər mübadiləsinin və müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu və iqtisadi, enerji, kənd təsərrüfatı, turizm, elm və təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edən tərəflər bu xüsusda qarşılıqlı biznes forumların keçirilməsinin zəruriliyini vurğulayıblar.
Nazir Elmar Məmmədyarov Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin Vyetnam da daxil olmaqla region ölkələrinin məhsullarının Şərqi və Şimali Avropa ölkələrinə çıxarılması üçün əlverişli və sərfəli imkanlar yaratdığını diqqətə çatdırıb.
Sonra nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi haqqında məlumat verib. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini və Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunun münaqişənin həllində əsas maneə olduğunu xüsusi qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.