MƏDƏNİYYƏT
Azərbaycan İstanbulda keçirilən turizm sərgisində uğurla təmsil olunur
İstanbul, 30 yanvar, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində yerləşən TÜYAP-da keçirilən “EMMİT 2016” beynəlxalq turizm sərgisi davam edir.
Sərgidə ölkəmiz Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qurulmuş stendlə təmsil olunur. Stenddə qurulmuş monitorlarda ölkəmizin tarixi, mədəniyyəti və müasir sosial-iqtisadi görkəmini tərənnüm edən filmlər nümayiş edilir. Bundan başqa, bölmədə 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə afişa yerləşdirilib.
Azərbaycan stendində təmsil olunan nüfuzlu turizm şirkətləri və otellərin təmsilçiləri tərəfindən ziyarətçilərə ölkəmizin əsrarəngiz təbiəti, tarixi yerləri, göz oxşayan mənzərələri, həmçinin milli adət və ənənələrimizə dair təbliğat vasitələri paylanır, turizm imkanlarımız barədə ətraflı məlumat verilir.
Nümayəndə heyətimizin rəhbəri, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyev AZƏRTAC-a müsahibəsində bildirib ki, Azərbaycan bölməsi ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Bölmədə bir sıra ikitərəfli və çoxtərəfli görüş keçirilib. Bundan başqa, ayrı-ayrı ölkələri təmsil edən turizm şirkətləri əməkdaşlıq təklifi ilə Azərbaycan bölməsinə müraciət ediblər. Həmçinin, şirkətlərimizin hazırladıqları “Formula 1” üzrə Avropa Qran-prisinin iştirakçıları və bu yarışların azarkeşləri üçün də xüsusi turist proqramları da ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, sərgi çərçivəsində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyənin Səyahət Agentlikləri Birliyinin birgə təşkilatçılığı əsasında iki ölkənin turizm sənayesi nümayəndələri arasında yanvarın 29-da B2B (üzbəüz görüş) formatında görüş və ölkəmizin turizm imkanlarına dair video-təqdimat keçirilib. Tədbirdə Azərbaycanın turizm imkanları böyük maraqla qarşılanıb. Turizm şirkətləri qarşılıqlı olaraq öz turizm məhsullarını təqdim ediblər.
Sərgi yanvarın 31-də başa çatacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul