Azərbaycan Konqreslər Bürosu görüşlər sənayesini gücləndirməkdə davam edir
Bakı, 17 oktyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu (AKB) ölkə turizminin inkişafı ilə bağlı tədbirlərini davam etdirir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə turizmin inkişafında infrastruktur və məkanların rolunu müzakirə etmək və görüləcək işləri təyin etmək üçün AKB ölkəmizdə fəaliyyət göstərən məkan, muzey və teatrların rəhbərlikləri ilə görüş təşkil edib.
“Məkanların görüşlər sənayesində yeri” adlı tədbirə sədrlik edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iştirakçılara ümumilikdə ölkənin turizm bazarının hazırkı vəziyyəti, turizmin inkişafı istiqamətində büro tərəfindən görülən işlər, nailiyyətlər və görüşlər sənayesinin inkişafı sahəsində fəaliyyətin əhəmiyyəti barədə məlumat verib.
Görüş, xüsusi dəvət olunmuş beynəlxalq ekspert Elizabet Hanzanın hazırladığı təqdimatla davam etdirilib. Təqdimat zamanı görüş iştirakçılarına məkanın uğurlu idarə olunma üsulları və eləcə də bu sahədə olan müvəffəqiyyətli təcrübələr barədə məlumat verilib. Bu istiqamətdə Azərbaycan Konqreslər Bürosu ilə birgə əməkdaşlığın gətirə biləcəyi töhfələr qeyd olunub.
Eyni zamanda, stimullaşdırıcı tədbirlər sırasında daha çox beynəlxalq iştirakçıların cəlb olunması üçün tədbirlərin yalnız məkanlarda deyil, həmçinin muzey və teatrlarda təşkil olunmasının vacibliyi vurğulanıb.
Tədbirin sonunda qonaqlar AKB ilə əməkdaşlıq etməkdə maraqlarını ifadə edərək, beynəlxalq əhəmiyyətli tədbir və konfransların muzey və teatrlarda təşkil olunması işinin peşəkarlaşdırılması və gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər.