Azərbaycan Konqreslər Bürosu İCCA-nın illik toplantısında iştirak edir
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycanda turizm sahəsinin davamlı inkişafı və işgüzar turizmin təkmilləşdirilməsi istiqamətində çalışan Azərbaycan Konqreslər Bürosu Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (İCCA) 54-cü illik toplantısında iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, toplantı Argentinanın Buenos-Ayres şəhərində keçirilir və noyabrın 4-dək davam edəcək.
Bu beynəlxalq assosiasiyaya 2014-cü ilin yanvarından üzv olan Azərbaycan Konqreslər Bürosunu tədbirdə qurumun icraçı direktoru Florian Senqstşmid təmsil edir. O, konqresdə büronun ölkəmizdə biznes turizminin inkişafı sahəsində gördüyü işlər, həmçinin assosiasiya görüşlərinin Bakıda keçirilməsi ilə bağlı məlumat verib.
Tədbirdə Azərbaycan Konqreslər Bürosu ilə yanaşı İCCA-nın ölkəmizdəki digər üzvü Heydər Əliyev Mərkəzi də iştirak edir.
Qeyd edək ki, İCCA dünyanın turizm və görüşlər sahəsində fəaliyyət göstərən ən nüfuzlu təşkilatlarından biridir. Onun üzvləri sırasına dünyanın 90 ölkəsində fəaliyyət göstərən mindən çox beynəlxalq görüşlər sənayesi bazarı təmsilçiləri daxildir.