Azərbaycan Kooperasiya Universiteti ilə Türkiyənin Akdəniz Universiteti arasında əməkdaşlıq protokolları imzalanıb
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Kooperasiya Universiteti ilə Türkiyənin Akdəniz Universiteti arasında qarşılıqlı əməkdaşlıq protokolları imzalanıb.
AZƏRTAC xəbər verir ki, protokollar Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor, Milli Məclisin deputatı Eldar Quliyevin Türkiyənin Antalya şəhərinə səfəri çərçivəsində imzalanıb.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimin, səfirliyin əməkdaşlarının, diasporumuzun nümayəndələrinin və azərbaycanlı tələbələrin iştirak etdikləri tədbirdə Eldar Quliyev çıxış edib. O, Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinə toxunaraq bildirib ki, ölkələrimiz istənilən məsələdə bir-birinə dayaqdır. Bu gün ölkələrimiz arasında əlaqələr ən yüksək səviyyədədir, strateji önəm daşıyır və bu əlaqələrin dünyada analoqu yoxdur. Azərbaycan hər zaman Türkiyənin dəstəyini hiss edib, bizim dövlətimiz də daim Türkiyənin yanında olub və olacaq.
Eldar Quliyev 2018-ci ilin Azərbaycanda kifayət qədər önəmli il olduğunu vurğulayaraq qeyd edib ki, bu ilin aprelində ölkəmizdə prezident seçkiləri keçiriləcək. Eyni zamanda, xalqımız may ayında iki tarixi hadisəni qeyd edəcək - həm ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi qeyd olunacaq.
Qeyd edək ki, Eldar Quliyev səfər çərçivəsində Antalya şəhərinin valisi Münir Karaloğlu ilə də görüşüb.