Azərbaycan-macar gəncləri Budapeştin mərkəzində aksiya keçirmişlər
Budapeşt, 27 fevral (AZƏRTAC). Ötən ilin dekabrında Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə təsis olunan Azərbaycan-macar gəncləri təşkilatının üzvləri Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə fevralın 26-da Budapeştin mərkəzindəki Qəhrəmanlar meydanında aksiya keçirmişlər.
Aksiya iştirakçıları şəhər sakinlərinə Xocalı soyqırımı, ermənilərin törətdikləri vəhşiliklər barədə məlumatlar vermiş, bu faciəyə dair buklet, kitab və DVD paylamışlar. Üç saata yaxın davam edən aksiyaya macarlar böyük maraq göstərmişlər. Ermənilərin dinc azərbaycanlı sakinlərə, o cümlədən uşaqlara, qadınlara və ahıllara qarşı törətdikləri vəhşiliklər macarlarda böyük hiddət doğurmuşdur.
Aksiyanın sonunda iştirakçılar Qəhrəmanlar meydanında şamlarla “Xocalı” yazmış, “Xocalıya ədalət”, “Ruanda, Xocalı və Serebrinitsa - UNUDULMASIN”, “Erməni vəhşiliyinə hüquqi qiymət verilsin” və s. şüarlar səsləndirmişlər. İştirakçıların aksiyaya dair hazırladıqları videoçarx ilə http://www.youtube.com/watch?v=VCmB2EzKKOo linkindən tanış olmaq mümkündür.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt