Azərbaycan-Malayziya dostluğuna həsr olunan tədbir
Bakı, 15 mart, AZƏRTAC
Paytaxtdakı 311 nömrəli tam orta məktəbdə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Azərbaycan-Malayziya dostluğuna həsr olunan tədbir keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə OCEP çərçivəsində məktəb şagirdlərinin bacarıq və qabiliyyətləri nümayiş olunub.
Məktəblilərin Azərbaycan və Malayziya dillərində ifa etdikləri mahnılar, habelə rəqslər, gimnastik və akrobatik hərəkətlər, idman növlərində hazırladıqları çıxışlar qonaqlarda xoş təəssürat oyadıb.
Daha sonra qonaqlar Azərbaycan və Malayziya mətbəxinə dair nümunələr, eləcə də Novruz bayramına həsr olunmuş “Milli mətbəx” guşəsi ilə tanış olublar.
Sonra 311 və 82 nömrəli tam orta məktəblərin qızlarından ibarət voleybol komandası arasında dostluq oyunu keçirilib.
Sonda yarış iştirakçılarına təşəkkürnamə verilib.