“AZƏRBAYCAN MEHMANXANASI” ASC-YƏ 30 MİLYON AZN İNVESTİSİYA YATIRILACAQDIR
Müsabiqədə iddiaçılar qarşısında müasir tələblərə cavab verən mehmanxana xidmətlərinin təşkili, yeni iş yerlərinin açılması və işçilərin sosial təminatının yüksəldilməsi məsələlərin həlli ilə bağlı təkliflərin verilməsinə dair şərtlər qoyulmuşdu.
Təqdim olunan investisiya təkliflərinə baxıldıqdan sonra Müsabiqə Komissiyası açıq səsvermə yolu ilə qərar qəbul etmişdir. Səsvermənin nəticəsinə əsasən “İSR Kapital İnvesment” MMC “Azərbaycan mehmanxanası” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə müsabiqəsinin qalibi elan edilmişdir.
“İSR Kapital İnvestment” MMC təqdim etdiyi İnvestisiya Proqramına əsasən 4 il ərzində “Azərbaycan mehmanxanası” ASC-yə 30 milyon AZN məbləğində investisiya qoyulmasına dair öhdəliyi yerinə yetirməlidir. Bu investisiya mövcud mehmanxananın beynəlxalq norma və standartlara cavab verən 17 mərtəbəli müasir mehmanxana kompleksinə çevrilməsinə yönəldiləcəkdir. Yatırılacaq sərmayə nəticəsində 227 qonaq otağı, idman, sağlamlıq və biznes mərkəzləri, tədbir, banket, çoxsaylı istirahət və oyun zalları, restoranlar eləcə də 60 maşınlıq yeraltı dayanacaq sahəsinə malik olan müasir tipli mehmanxana kompleksi yaradılacaqdır.
Müsabiqənin digər şərtlərinə müvafiq olaraq “İSR Kapital İnvestment” MMC alqı-satqı müqaviləsi imzalandığı tarixdən 90 təqvim günü müddətində 2,2 milyon AZN məbləğində vəsaiti dövlət büdcəsinə köçürməli, 120 təqvim günü ərzində 30 min ədəd dövlət özəlləşdirmə çekini təqdim etməlidi. Həmçinin 90 təqvim günü müddətində ASC-nin əmək haqqı və digər borclarının ödənilməsi nəzərdə tutulur.
Həyata keçirilən investisiya layihəsi nəticəsində 250 yeni iş yeri açılacaqdır. Eyni zamanda, işçilərin orta aylıq əmək haqqının tədricən 300 AZN-ə çatdırılması, onlara hər növbədə nahar verilməsi və bayramlarda mükafatlandırılması nəzərdə tutulur. Bütün bunlarla yanaşı, mehmanxananın idman və sağlamlıq mərkəzində əlillərə, tələbələrə və məcburi köçkün ailələrinin üzvlərinə güzəştli xidmət göstərilməsi, bir neçə qaçqın ailəsinin himayəyə götürülməsi, eləcə də əlil və kimsəsiz uşaqlara maddi yardım edilməsi nəzərdə tutulmuşdur.