Azərbaycan mənşəli Rusiya alimləri beynəlxalq forumda iştirak ediblər
Moskva, 23 aprel, AZƏRTAC
Azərbaycan mənşəli Rusiya alimləri Aşqabadda keçirilmiş beynəlxalq forumda iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Aşqabadda “Məhəmməd Bayram Xan Türkmən və türkmən xalqının humanizm, vətənpərvərlik və mərdlik ənənələri” mövzusunda beynəlxalq forum keçirilib.
Türkmənistan Xarici İşlər Nazirliyi, Türkmənistan Təhsil Nazirliyi və Türkmənistan Elmlər Akademiyası tərəfindən təşkil olunmuş forum Türkmənistanın müstəqilliyin 30-illiyinə və Türkmənistanın daimi bitərəfliyinin 25-illiyinə həsr edilmişdi. Tədbirdə dünyanın 18 ölkəsindən (Hindistan, Pakistan, Özbəkistan, Qazaxıstan, Rusiya, Belarus, Gürcüstan və başqaları)təxminən 80 dövlət xadimi, görkəmli alimlər, tarixçi və politoloqlar iştirak ediblər.
Forumda 200-dən çox məruzə dinlənilib. Azərbaycan mənşəli Rusiya alimləri -Kabarda-Balkar Azərbaycan diasporunun sədri, V.M.Kokov adına Kabarda-Balkar Dövlət Aqrar Universitetinin professoru, fəlsəfə elmləri doktoru Ağababa Dadaşov və Rusiya Elmlər Akademiyasının “Mədəniyyətlərin dialoqu: fəlsəfi dünyagörüşü problemləri” tədqiqat qrupunun rəhbəri, fəlsəfə doktoru Ariz Gözəlov foruma öz məruzələrini təqdim ediblər.
Azərbaycan mənşəli alimlərin “Orta əsrlərdə türk etnoslarının formalaşmasında qloballaşmanın rolu” mövzusuna həsr edilmiş məqaləsində Orta əsrlərdə Mərkəzi və Yaxın Şərqdə mədəniyyətin və mənəviyyatın inkişafına Oğuz türklərinin təsiri məsələsi nəzərdən keçirilib. Alimlər forumdakı çıxışlarında Azərbaycan tarixi və mədəniyyəti, Azərbaycan-Türkmənistan münasibətləri məsələlərinə də geniş yer veriblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva