Azərbaycan Milli Kitabxanası ilə Kolumbiya Milli Kitabxanası arasında əməkdaşlıq əlaqələri müzakirə edilib
Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da Kolumbiyanın Azərbaycandakı səfiri Antonio Dimate Kardenas Azərbaycan Milli Kitabxanasında olub.
Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan bildirilib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonağa kitabxana haqqında ətraflı məlumat verib və kitabxananın ən başlıca vəzifələrindən birinin Azərbaycanı, onun tarixini, mədəniyyətini, incəsənətini və ədəbiyyatını dünyada ən yaxşı şəkildə tanıtmaq olduğunu qeyd edib. Azərbaycan Milli Kitabxanasının dünyanın bir çox ölkəsinin milli kitabxanaları ilə əməkdaşlıq haqqında memorandum imzaladığını qeyd edən professor Kərim Tahirov növbəti müqavilənin Kolumbiya Milli Kitabxanası ilə olacağına ümid etdiyini bildirib.
Daha sonra professor Kərim Tahirov Azərbaycanın İkinci Qarabağ müharibəsindəki böyük zəfərindən söz açıb, 44 günlük müharibə nəticəsində erməni işğalından azad edilmiş torpaqlarımızdakı acınacaqlı vəziyyətdən danışıb. Xüsusilə kitabxanalardakı vəziyyətdən bəhs edən direktor 975 kitabxananın və onların 4 milyondan artıq kitab fondlarının ermənilər tərəfindən tamamilə məhv edildiyini səfirin diqqətinə çatdırıb. Bu barədə beynəlxalq kitabxana təşkilatı olan IFLA-ya müraciət etdiyini və işğaldan azad edilmiş bölgələrdəki vəziyyəti yerində qiymətləndirmələri üçün onlardan müvafiq nümayəndə heyəti göndərmələrini xahiş etdiyini bildirib. Həmin kitabxanaların fondlarının bərpası sahəsində ciddi işlər görüldüyünü qeyd edən Kərim Tahirov bu məqsədlə kitab toplama kampaniyasına başlandığını bildirib və səfiri də bu kampaniyaya qoşulmağa çağırıb.
Kolumbiyanın Azərbaycandakı ilk səfiri olmaqdan məmnunluğunu xüsusilə vurğulayan Antonio Dimate Kardenas iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlindən gələni edəcəyini bildirib və azad olunmuş ərazilərdəki acınacaqlı vəziyyəti öz gözləri ilə gördüyüni qeyd edib.
Diplomat Azərbaycan Milli Kitabxanası ilə Kolumbiya Milli Kitabxanası arasında əməkdaşlıq haqqında Memorandumun imzalanmasına ehtiyac olduğunu vurğulayıb.
Direktor Kərim Tahirov təklifə müsbət münasibət bildirərək kitabxanalar arasında əməkdaşlığın çox böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Görüş nəticəsində hər iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair memorandum layihəsinin hazırlanaraq təqdim olunması qərara alınıb.
Daha sonra səfir Kolumbiya haqqında kitabı Milli Kitabxananın fonduna hədiyyə edib. Kərim Tahirov isə “Azərbaycan Milli Kitabxanası. Foto albom” (Azərbaycan, ingilis və rus dillərində) və “Azərbaycan xalçaları dünya kolleksiyalarında” (Azərbaycan və ingilis dillərində) kitablarını qonağa hədiyyə edib.