İDMAN
AZƏRBAYCAN MİLLİ OLİMPİYA KOMİTƏSİNİN FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLMƏLİDİR
Bunu Beynəlxalq Ağır Atletika Federasiyasının \BAAF\ prezidenti cənab Tomaş Ayan mayın 14-də Azərbaycan Dövlət Hava Yolları Konserninin inzibati binasında keçirilmiş mətbuat konfransında bəyan etmişdir. Qonaq vurğulamışdır ki, Bakıda olduğu iki gün ərzində paytaxtda fəaliyyət göstərən idman kompleksləri ilə tanış olmuşdur və buna görə də deyə bilər ki, həmin obyektlərin əksəriyyəti dünya standartlarına uyğundur. O ki qaldı Milli Olimpiya Komitəsinin binasına, bu, dünyada mövcud olan belə binalar arasında ən yaxşısıdır. Cənab Ayan demişdir: Mənim burada gördüklərimin hamısı sübut edir ki, Azərbaycan rəhbərliyi gənclərin tərbiyəsinə və idmanın inkişafına böyük əhəmiyyət verir. Ölkədə idmanın uğurlu inkıişafı isə göstərir ki, Azərbaycan dünya miqyaslı yarışlar keçirə bilər və keçirəcəkdir.
BAAF-ın prezidenti onu da vurğulamışdır ki, Cahangir Əsgərovun Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti seçildiyi vaxtdan ötən bir neçə il ərzində ölkədə bu idman növünün inkişafında ciddi dəyişikliklər baş vermişdir. İdmançıların beynəlxalq turnirlərdə parlaq qələbələri, müasir idman avadanlığının və beynəlxalq standartlara uyğun salonların olması buna sübutdur. Azərbaycanda perspektivli atletlər var və onlar Afina olimpiadasında qızıl medal qazana bilərlər.
Respublika Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov mətbuat konfransında bildirmişdir ki, gələn il Bakıda dünyanın bir çox güclü idmançılarının iştirakı ilə beynəlxalq turnir keçiriləcəkdir. 2005-ci ildə isə yeniyetmələr arasında dünya birinciliyinin Azərbaycanda keçirilməsi haqqında beynəlxalq federasiya ilə ilkin razılaşma əldə olunmuşdur. Federasiyanın rəhbəri demişdir ki, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ağır atletlərə daim qayğı göstərir, ölkənin şəhər və rayonlarında tikilən olimpiya komplekslərində idmanın bu növü üzrə də bölmələr açılması nəzərdə tutulur.