Azərbaycan millisinin futzalçısı: Sona qədər mübarizə aparacağıq
Bakı, 11 oktyabr, AZƏRTAC
“Əlbəttə, Bakıdakı oyunun o cür olmasını istəməzdik. Amma qarşıda daha bir vacib sınağımız var. Bütün gücümüzü ortaya qoyacağıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futzalçısı Eduardo Borges DÇ-2024-ün seçmə mərhələsində Astanada Qazaxıstan yığmasına qarşı keçirəcəkləri oyun barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.
37 yaşlı vinger Bakıda bu rəqibə 2:4 hesabı ilə uduzduqları ilk matçı analiz etdiklərini bildirib: “Demək olar, qolların hamısını hədiyyə etdik. Bəzi epizodlarda anlaşmazlıq oldu və ya ötürmələrdə səhvə yol verdik. Amma üçüncü qolda hakimin qərarı mübahisəli oldu. Oyunu saxlamaq üçün fit verdi, mən də topu ayağımda saxladım, bu zaman rəqib futzalçı topu məndən götürüb qol vurdu. Halbuki fitdən sonra oyun dayandırılmalı idi ki, mən də onu etdim. Rəqib isə feyr-pley qaydalarına əməl etmədi. Üstəlik, Felipinyoya qarşı qayda pozuntusu zamanı rəqibin qapısına penalti təyin olunmadı. Niyəsə hakimin fiti susdu. Təbii ki, bunlar bizi oyuna daha yaxşı köklənməyə vadar edir”.
E. Borgesin sözlərinə görə, səfərdə oynasalar da, müsbət nəticə əldə etmək üçün mübarizə aparacaqlar: “Bir sözlə, meydanda “müharibə” olacaq. Heç bir halda güzəşt olmayacaq. Nəfəsimizin sonuna qədər mübarizəmizdən dönməyəcəyik”.
Qeyd edək ki, bu gün keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.