Azərbaycan millisinin sabiq kapitanı: Futbolçular İsveçlə oyundan sonra eyforiyaya qapıldılar
Bakı, 20 noyabr, AZƏRTAC
“Ağır məğlubiyyət oldu. İsveç millisi ilə oyunda qazanılan qələbədən sonra hər kəs yığmadan yaxşı nəticə gözləyirdi. Təəssüf ki, alınmadı”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq kapitanı Rahid Əmirquliyev yığmanın “Avro-2024”ün seçmə mərhələsində səfərdə Belçikaya 0:5 hesablı məğlubiyyətini şərh edərkən deyib.
34 yaşlı veteran yarımmüdafiəçi bildirib ki, rəqibin güclü olması bəhanə olmamalıdır: “Belçikaya qalib gəlməyin çətin olacağının fərqində idik. Amma etiraf etmək lazımdır ki, futbolçularımız yaxşı oyun nümayiş etdirmədilər. Onlar Bakıda İsveçə 3 cavabsız qolla qalib gəldikləri oyundan sonra eyforiyaya qapıldılar”.
R. Əmirquliyev matçdan sonra baş məşqçi Canni De Byazinin jurnalistlərə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Əlbəttə, jurnalistlərə təhqiramiz ifadələr işlətmək yolverilməzdir. Vəziyyətdən asılı olmayaraq, etika qaydalarına riayət etməli idi”.
İtaliyalı mütəxəssisin AFFA ilə müqaviləsinin bu ayın sonunda başa çatacağını xatırladan keçmiş milli üzvü onunla bağlı qərarı İcraiyyə Komitəsinin verəcəyini vurğulayıb: “Düşünürəm ki, yığmanı yerli baş məşqçi çalışdırmalıdır. De Byazi isə artıq getməlidir. Buna səbəb seçmə mərhələdə göstərdiyimiz nəticənin ürəkaçan olmamasıdır”.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə mübarizə apardığı F qrupunu 7 xalla dördüncü pillədə başa vurub.