“Müasirlik və arxaika”: Elmir Mirzəyevin kitabı folklorşünasların tədqiqat müstəvisində
Bakı, 8 may, AZƏRTAC
AMEA Folklor İnstitutunda tanınmış musiqişünas, bəstəkar və publisist Elmir Mirzəyevin Almaniyada nəşr olunan “Müasirlik və arxaika arasında: XX əsrdə Azərbaycan musiqi mədəniyyətində transregional təsirlər” kitabının təqdimatı və eyni mövzuda elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarı açan Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev belə görüşlərin humanitar elmlərdə fikir mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb. O, müasir folklorşünaslıqda sosial-mədəni və antropoloji yanaşmaların ön plana çıxdığını, musiqi, performativlik və şəhər folkloru istiqamətlərinin aktual araşdırma sahələrinə çevrildiyini bildirib.
Direktor urbanizasiya, sənayeləşmə və elmi-texnoloji tərəqqinin folklor və musiqi mühitinə təsirindən danışaraq Bakı şəhərinin sənaye və multikultural mərkəz kimi Azərbaycan mədəniyyətinin transformasiyasında mühüm rol oynadığını qeyd edib.
Daha sonra çıxış edən Elmir Mirzəyev kitabında XIX-XX əsrlərdə Azərbaycan musiqi və mədəniyyətində baş verən dəyişiklikləri geniş elmi kontekstdə araşdırdığını bildirib. O qeyd edib ki, nəşr yalnız musiqişünaslıq deyil, həm də Azərbaycanın tarixi, mədəniyyəti və milli identikliyi barədə xarici auditoriyaya ünvanlanan kompleks tədqiqatdır.
Məruzəçi “Azərbaycan” anlayışının tarixi-coğrafi köklərinə, XIX əsrdə Rusiya imperiyasının regionda yaratdığı sosial-mədəni dəyişikliklərə, Bakı neft sənayesinin təsirlərinə və milli identiklik məsələlərinə toxunub. O, həmçinin Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və Üzeyir Hacıbəylinin yaradıcılığının modern milli mədəni düşüncənin formalaşmasındakı rolunu xüsusi vurğulayıb.
Seminarda iştirak edən alimlər kitabın Azərbaycan musiqi mədəniyyətində ənənə və modernləşmə münasibətlərinin araşdırılması baxımından mühüm elmi əhəmiyyət daşıdığını bildiriblər.
Sonda Hikmət Quliyev Elmir Mirzəyevə institutun nəşrlərini və xatirə hədiyyəsini təqdim edib.
Hibrid formatda təşkil olunan tədbirdə institut əməkdaşları, doktorant və dissertantlarla yanaşı, Xəzər Universiteti və Bakı Slavyan Universitetinin tədqiqatçıları iştirak ediblər.