Voleybolçularımız Avropa Liqasına necə hazırlaşırlar? – Təlim-məşq toplanışından REPORTAJ
Bakı, 8 may, AZƏRTAC
Qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları Avropa Liqasına hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışı keçirlər.
AZƏRTAC xəbər verir ki, hər iki yığma ilk mərhələdə hazırlığı paytaxtda davam etdirir. Hazırlıq prosesində əsas diqqət fiziki formanın yaxşılaşdırılmasına, oyunçular arasında əlaqələrin gücləndirilməsinə və taktiki məşqlərə yönəlib.

Qadınlardan ibarət millinin təlim-məşq toplanışının növbəti mərhələlərinin Macarıstan və Sloveniyada keçirilməsi planlaşdırılır. Hər iki ölkədə yığmanın yoxlama oyunlarında iştirakı nəzərdə tutulub. Bu görüşlər məşqçilər korpusuna komandanın hazırkı durumunu qiymətləndirmək və Avropa Liqası öncəsi optimal heyəti formalaşdırmaq baxımından mühüm imkan yaradacaq. Komandanın kapitanlıq sarğısı təcrübəli voleybolçu Ayşən Abduləzimovaya həvalə olunub. Onun liderlik keyfiyyətlərinin gənc oyunçuların adaptasiyasında mühüm rol oynayacağı gözlənilir. Kişilər isə toplanışın növbəti mərhələsini Belarusda davam etdirəcək.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev komandanın istəkli olduğunu bildirib: “Bizi uzun marafon gözləyir. Bəzi zədəli oyunçularımız var. İndi əsas diqqətimizi fiziki hazırlığa yönəltmişik. Macarıstan və Sloveniyada da toplanışlar olacaq. Avropa Liqasında ən yaxşısını etməyə çalışırıq”.

Yığmanın kapitanı Ayşən Abduləzimova isə bunları deyib: “Qarşıda bizi Avropa Liqası və Avropa çempionatı gözləyir. Avropa Liqası Avropa çempionatına hazırlıq üçün yaxşı bir mərhələdir. Heyətimiz yenilənib və evdə də oyunlarımız olacaq. Əsas məqsədimiz Avropa çempionatında qrup mərhələsindən çıxmaqdır. Bundan sonra nə qədər irəli gedə bilsək, bir o qədər yaxşı nəticə sayılacaq”.

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Boris Qrebennikov yığmanın hazırlıqlara mayın 4-dən başladığını xatırladıb. O, Avropa Liqasında qələbə üçün mübarizə aparacaqlarını söyləyib: “Qarşıda üç mərhələ var. İlk mərhələ iyunun 5–6-da İsveçdə keçiriləcək. İyunun ikinci həftəsonunda Rumıniyada çıxış edəcəyik, üçüncü həftəsonunda isə öz meydanımızda oyunlarımız olacaq. Bu mövsüm federasiya milli komandanın gəncləşdirilməsinə xüsusi diqqət ayırıb. Heyətimizə gələcək vəd edən dörd gənc voleybolçu daxil edilib. Beləliklə, komandada təcrübəli və gənc oyunçuların vəhdəti formalaşıb”.

Mütəxəssis hazırda heyətin təxminən 25 faizinin gənc oyunçulardan ibarət olduğunu diqqətə çatdırıb: “Bu addımın əsas məqsədi Azərbaycan kişi voleybolunun inkişafına yeni impuls verməkdir. Rəqiblərimiz Avropa səviyyəsində güclü komandalar - İsveç, İspaniya və Yunanıstandır. Bu səbəbdən bizi çox çətin oyunlar gözləyir. Əsas məqsədimiz gənc oyunçuların inkişafıdır. Onlara təcrübə qazanmaq, özünəinam formalaşdırmaq və yüksəksəviyyəli oyunlarda yetişmək üçün şərait yaratmaq istəyirik. Eyni zamanda, gələcək üçün rəqabətədavamlı komanda formalaşdırırıq. Təbii ki, biz qələbə üçün mübarizə aparacağıq. Lakin güclü rəqiblərlə oyunlar inkişaf üçün ən yaxşı təcrübədir”.

Qeyd edək ki, milli komandaların Avropa Liqasındakı oyunlarının təqvimi artıq bəllidir. Qadınlardan ibarət kollektiv mübarizəyə iyunun 5-də başlayacaq. Yığma ilk oyununu Bakıda İsveç millisə qarşı keçirəcək. İyunun 7-də isə rəqib Estoniya seçməsi olacaq. Daha sonra Azərbaycan İspaniya və Şimali Makedoniyada təşkil olunacaq mərhələlərdə çıxış edəcək. Komanda iyunun 13-də Şimali Makedoniya, ertəsi gün isə İspaniya yığması ilə üz-üzə gələcək. Son mərhələdə isə rəqiblər İsrail və İsveçrə komandaları olacaq.

Kişilərdən ibarət Azərbaycan millisi isə yarışa iyunun 6-da start verəcək. Komanda ilk mərhələdə İsveçdə Yunanıstan və meydan sahibi İsveç yığmaları ilə qarşılaşacaq. Növbəti mərhələdə Rumıniya və İspaniya ilə oyunlar keçiriləcək. Azərbaycanda təşkil olunacaq mərhələdə isə millimiz Macarıstan və Portuqaliya ilə münasibətlərə aydınlıq gətirəcək.
Müxbir - Cavid Əliyev