Naxçıvanda futzal üzrə “Heydər Əliyev Kuboku”nda 20 komanda mübarizə aparacaq
Bakı, 8 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyası tərəfindən birgə təşkil olunan yarışda 20 komanda iştirak edəcək.
Mayın 8-də turnirin püşkatma mərasimi reallaşıb. Təşkilatçı qurumların nümayəndələri yarışın əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Liderin xatirəsi idman ictimaiyyəti üçün daim əziz tutulur, hər il dahi şəxsiyyətin doğum və anım günləri ilə bağlı silsilə tədbirlər keçirilir. Budəfəki futzal turnirinə də marağın yüksək olduğu vurğulanıb, idmanda kütləviliyin təmini, sağlam həyat tərzinin təbliği, o cümlədən qurumlararası əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti önə çəkilib.
Turnirin reqlamenti barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb. Sonra püşkatmaya başlanılıb. Püşkatmanın nəticələrinə uyğun olaraq, hər birində 5 komanda olmaqla 4 qrup formalaşdırılıb.
Qeyd edək ki, mayın 16-da start götürəcək turnirin oyunları İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək. Yarışda ilk üç yeri tutacaq komandalara diplom, medal və hədiyyələr, o cümlədən qalib komandaya baş mükafat – “Heydər Əliyev Kuboku” təqdim olunacaq.