Prezident Kitabxanasında Ulu Öndərin 103 illiyinə həsr olunmuş tədbir təşkil edilib
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Prezident Kitabxanasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Heydər Əliyevin müasir Azərbaycan dövlətinin siyasi kursunun formalaşdırılması, dövlət idarəçiliyi ənənələrinin möhkəmləndirilməsi və milli inkişaf strategiyasının müəyyənləşdirilməsi istiqamətindəki tarixi xidmətlərindən bəhs edib. O qeyd edib ki, Ümummilli Liderin zəngin dövlətçilik irsi və irəli sürdüyü fundamental ideyalar müasir Azərbaycanın ictimai-siyasi həyatında bu gün də öz aktuallığını qorumaqdadır.
Professor Afət Abbasova vurğulayıb ki, Prezident Kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətinə dair materialların toplanması, sistemləşdirilməsi və geniş ictimaiyyətə təqdim olunması istiqamətində ardıcıl və sistemli fəaliyyət həyata keçirilir.
Tədbirdə Kitabxana işinin avtomatlaşdırılması, rəqəmsallaşdırma və elektron resurslar bölməsinin müdiri Zakir İsmaylov, İncəsənət ədəbiyyatı fondu qrupunun rəhbəri Fəridə Namazova və Nadir ədəbiyyat fondu qrupunun rəhbəri Anastasiya Kosayeva çıxış ediblər.
Çıxışlarda Heydər Əliyevin çoxşaxəli dövlətçilik fəaliyyəti, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlər, milli-mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi siyasətdən bəhs olunub.
Tədbir çərçivəsində Prezident Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş geniş kitab və fotosərgisi təqdim edilib. Sərgidə Ulu Öndərin dövlət quruculuğu fəaliyyəti, xarici siyasət strategiyası, elm, mədəniyyət və digər sahələrin inkişafına yönəlmiş təşəbbüsləri ilə bağlı nəşrlər və fotomateriallar nümayiş etdirilib.
Həmçinin Prezident Kitabxanasının hazırladığı virtual sərgi də iştirakçılara təqdim olunub. Virtual sərgi Ümummilli Liderin irsinin daha geniş auditoriyaya təqdim olunmasına xidmət edir və ziyarətçilərə onun həyat yolu və siyasi fəaliyyətinə dair materiallarla interaktiv şəkildə tanış olmaq imkanı yaradır.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.