Şəkidə Heydər Əliyev mərkəzlərinin ümumrespublika müşavirəsi təşkil olunub
Şəki, 8 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyev xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 8-də Şəki şəhərində keçirilən Heydər Əliyev mərkəzlərinin “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəni dəyərləri” mövzusunda Ümumrespublika müşavirəsində səsləndirilib. Müşavirə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunub.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə mədəniyyət naziri Adil Kərimli, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, nazirliyinin rəsmiləri, alimlər, ziyalılar, ölkəmizdəki Heydər Əliyev mərkəzlərinin rəhbər və əməkdaşları, mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdən əvvəl Ulu Öndərin Mərkəzin qarşısında ucaldılan abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Sonra tədbir iştirakçıları və qonaqlar Heydər Əliyev Mərkəzinin ekspozisiyası ilə, Ulu Öndərə həsr edilən foto və kitablardan ibarət sərgilərlə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mədəniyyət naziri Adil Kərimli çıxış edərək, bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Liderin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, Ulu Öndər Azərbaycan tarixində müstəqil və suveren dövlətin simvolu, cəsur insan, ən böyük vətəndaş kimi qalıb. Bu gün ölkəmizin əldə etdiyi bütün uğurlar bu böyük şəxsiyyətin adı ilə bağlıdır.
Nazir bildirib ki, Ümummilli Liderin doğum günü ərəfəsində Heydər Əliyev mərkəzlərinin ümumrespublika müşavirələrinin keçirilməsi artıq ənənə halını alıb. Bakı şəhərində yerləşən və əsas mərkəz sayılan Heydər Əliyev Mərkəzinin rəhbərliyi ilə yerlərdə fəaliyyət göstərən mərkəzlərin birgə işinin əlaqələndirilməsi üçün mütəmadi olaraq belə tədbirlər həyata keçirilir. Ulu Öndərin irsinin, dövlətçilik fəlsəfəsinin, onun siyasi fəaliyyətinin, həyatının dərindən öyrənilməsi, geniş araşdırılması və təbliği baxımından belə tədbirlərin keçirilməsi olduqca önəmlidir. Mədəniyyət Nazirliyinin nəzdində olan Heydər Əliyev mərkəzləri də Ulu Öndərin həyat və fəaliyyətinin, onun siyasi fəaliyyətinin, dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin geniş öyrənilməsi, tədqiqi, təbliği və gənclər arasında onun daha geniş şəkildə təbliğ edilməsi istiqamətində vahid bir fəaliyyət həyata keçirirlər.
Mədəniyyət naziri deyib: “Azərbaycanın mədəniyyət dəyərləri və Ulu Öndərin fəaliyyəti, onun dövlətçilik fəlsəfəsi bir-birinə sıx bağlıdır. Təbii ki, Ulu Öndər lap gənclik illərindən, hətta uşaq yaşlarından mədəniyyətə çox bağlı idi. Onun ömrü, fəaliyyəti mədəniyyətə bağlı keçib. Ulu Öndərin həyatı, fəaliyyəti bütövlükdə mədəniyyətlə sıx əlaqəli idi, eyni zamanda, bu bağlılıq onun dövlətçilik fəlsəfəsinə, idarəetmə siyasətinə sirayət edib. Onun Azərbaycana rəhbərliyi dövründə idarəetmə fəaliyyətində hər zaman mədəniyyət dövlət siyasətinin əsas təməl istiqaməti kimi götürülüb. Ulu Öndər mədəniyyətin bütün sahələrini diqqətdə saxlayıb, milli kimliyin formalaşmasında iştirak edən mədəniyyət xadimlərini, alimləri əsas tutaraq, onlara daim qayğıkeş yanaşıb və mədəniyyətin bütün istiqamətlərinin formalaşması və inkişafı üçün lazımi şəraiti yaradıb. Bugünki milli Azərbaycan dövlətçiliyinin formalaşmasına gətirib çıxaran da məhz Ulu Öndərin təməlini qoyduğu həmin dəyərlər üzrərində formalaşan Azərbaycan dövlətçiliyi ənənəsidir. Ona görə də təsadüfi deyildir ki, bütün əsaslarda, sənədlərdə məhz Ulu Öndər müasir Azərbaycan dövlətçiyinin əsasını, təməlini qoyan bir şəxsiyyət, dəyərli siyasətçi kimi qiymətləndirilir”.
Sonra Ulu Öndərə həsr olunan videoçarx nümayiş etdirilib.
Müşavirədə dövlət xadimi, diplomat və tarixçi Həsən Həsənov, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru İradə Hüseynova çıxış edərək, Ulu Öndərlə görüşləri ilə bağlı xatirələrini bölüşüblər.
Müşavirədə, həmçinin Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Mehbarə Fətullayeva və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin və Bakı şəhəri Yasamal rayonu Ağsaqqallar Şurasının sədri Fuad Məmmədov çıxış ediblər.
Sonra Heydər Əliyev mərkəzlərinin çoxşaxəli fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Səmərəli fəaliyyətinə görə Heydər Əliyev mərkəzlərinin bir qrup əməkdaşı nazirliyin təşəkkürnaməsi ilə təltif edilib.
Müşavirə çərçivəsində, tarix elmləri doktoru Fuad Məmmədovun Heydər Əliyev mərkəzlərinin rəhbərləri üçün “Yüksək mədəniyyətli insan (Davranış mədəniyyəti)” mövzusunda mühazirəsi dinlənilib.
Sonda müşavirə iştirakçıları Ulu Öndər Heydər Əliyevin sevdiyi musiqilərdən ibarət konsert proqramını izləyiblər.
Müxbir – Mustafa Dadaşov