“Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusunın təqdimatı olub
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir və “Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən iki sənədlər toplusunın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl İctimai-Siyasi Sənədlər Arxivinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dünyaşöhrətli siyasətçinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra İctimai-Siyasi Sənədlər Arxivində mühafizə olunan, Ulu Öndərin şərəfli həyat yolunu və Azərbaycanın milli-mədəni irsinin qorunması istiqamətində fəaliyyətini əks etdirən qiymətli sənəd, fotoşəkil və nəşrlərdən ibarət sərgi nümayiş olunub.
Arxivin bələdçiləri qonaqlara “Heydər Əliyev və milli mədəniyyət”, “Şuşa – Azərbaycanın mədəniyyət salnaməsi” və “Milli mədəniyyətə Ulu Öndər qayğısı fotoşəkillərdə” adlı stendlər barədə məlumat verərək, Ümummilli Liderin Azərbaycana birinci rəhbərliyi illərində teatr, kinematoqrafiya və musiqi sahələrində həyata keçirilən dövlət siyasətinin milli mədəni irsin qorunması və inkişafındakı rolunu diqqətə çatdırıb, həmçinin həmin dövrün əsas mədəni hadisələrinə qısa ekskurs ediblər.
Tədbirdə çıxış edən İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkənin ən ağır vəziyyətində, ən taleyüklü məqamlarda hakimiyyətə gəlmiş, bütün gücünü, fitri istedadını, müdrikliyini Vətənimizin mənafeyinə, nüfuz və qüdrətinin artmasına, milli birliyin bərqərar olunmasına yönəltmişdir.
E.Ələkbərova bildirib ki, Heydər Əliyevin Vətəni və xalqı naminə gördüyü işlərin tədqiqi, təhlili və gələcək nəsillərə çatdırılması mühüm siyasi və mənəvi əhəmiyyətə malikdir. İctimai-Siyasi Sənədlər Arxivinin fondlarında mühafizə olunan, 1969-1982-ci illəri əhatə edən qiymətli sənədlər əsasında nəşrə hazırlanmış “Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən “Teatr və kino” və “Musiqi mədəniyyəti” adlı kitablar məhz bu məqsədə xidmət edir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Hicran Hüseynova və Fəzail İbrahimli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Şərəf Cəlilli və Əməkdar jurnalist Etibar Babayev Ulu Öndərin Azərbaycanın inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən, onun Azərbaycan tarixindəki böyük rolundan geniş söhbət açıblar.
Tədbirin sonunda İctimai-Siyasi Sənədlər Arxivi tərəfindən 1969-1982-ci illərə aid qiymətli sənədlər əsasında hazırlanmış, Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən “Quruculuq salnaməsi. Başlanğıc...” adlı sənədli xronika nümayiş etdirilib.