Dövlət-özəl tərəfdaşlığı çərçivəsində II Beynəlxalq Aqrar İnnovasiya Forumunun panel müzakirələri yekunlaşıb
Bakı, 8 may, AZƏRTAC
Bakı Ekspo Mərkəzində “Caspian Agro Week” sərgisi çərçivəsində “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində II Beynəlxalq Aqrar İnnovasiya Forumu” aqrar sahənin müxtəlif sahələrinə aid panel müzakirələrlə davam etdirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Heyvandarlıq, balıqçılıq və quşçuluq sahələrinin inkişafı: təcrübə, innovasiya və gələcək imkanlar” adlı paneldə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası, Balıqçılıq və Akvakultura Mərkəzi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və “Azerbaijan Fish Farm” MMC-nin nümayəndələri çıxış ediblər.
Müzakirələr zamanı heyvandarlıq və akvakultura sahələrinin inkişaf perspektivləri, innovativ istehsal yanaşmaları və beynəlxalq təcrübələr ətrafında fikir mübadiləsi aparılıb. Sessiyada heyvan sağlamlığının qorunması, baytarlıq xidmətlərinin təkmilləşdirilməsi, yem təminatı və innovativ həll yolları diqqət mərkəzində olub.
“Dayanıqlı kənd təsərrüfatı: Tendensiyalar, müasir texnologiyalar və perspektivlər”, “Aqrar emal sənayesi: əlavə dəyər yaradan istehsal zənciri” mövzularına həsr olunan panellərdə aqrar sahədə kənd təsərrüfatı texnika və avadanlıqları, müasir suvarma texnologiyaları, innovativ yanaşmalar və peşə təhsilinin rolu, qida təhlükəsizliyi, yerli istehsalın rəqabət qabiliyyətinin artırılması və emal sənayesinin inkişaf perspektivləri, istehsal zəncirinin gücləndirilməsi və keyfiyyət standartlarının tətbiqi məsələləri müzakirə olunub. Forum ərzində dövlət qurumları, ali təhsil müəssisələri və aqrar sahədə fəaliyyət göstərən özəl sektor nümayəndələri arasında əməkdaşlıq imkanları, aqrar sahədə innovasiyaların təşviqi və qabaqcıl təcrübələrin paylaşılması istiqamətində geniş müzakirələr aparılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb. Bununla da dövlət-özəl tərəfdaşlığı çərçivəsində II Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində təşkil olunan panel müzakirələri yekunlaşıb.