AZƏRBAYCAN NATO İLƏ SIX ƏMƏKDAŞLIQ EDİR
Müdafiə naziri demişdir ki, Azərbaycanın NATO ilə əməkdaşlığı daimi xarakter almışdır. “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq xüsusi aktuallıq kəsb edir. İndi isə Tərəfdaşlığın fərdi fəaliyyət planının hazırlanması üzərində iş gedir.
General-mayor F.Yaniz vurğulamışdır ki, Azərbaycan, həqiqətən, “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə çox ciddi əməkdaşlıq edir. Hazırda Analiz və planlaşdırma prosesinə, habelə Tərəfdaşlığın fərdi fəaliyyət planına xüsusi önəm verir. Balkan yarımadasında Azərbaycan hərbçilərinin iştirak etməsi buna sübutdur. Bizə məlumdur ki, bu tədbirlərin həyata keçirilməsi Azərbaycanın böyük qüvvə və səyi nəticəsində baş tutur. Biz sizi həmişə dəstəkləyəcəyik. Yaxşı bilirik ki, tərəfdaş dövlətlərin NATO-ya ehtiyacı olduğu kimi, NATO-nun da tərəfdaş dövlətlərə ehtiyacı var. Bu il Azərbaycanda “Kooperativ Best Efford-04” səhra təlimlərinin keçirilməsi Azərbaycanın NATO ilə əməkdaşlığının gələcək perspektivlərindən xəbər verir.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyət, bəzi dövlətlər tərəfindən Ermənistanın işğalçı siyasət yeritməsinə yaradılan şərait, işğal olunmuş Azərbaycan torpaqlarında uçotsuz hərbi texnikanın, silah və sursatın yerləşdirilməsi, terrorçu qrupların hazırlanması, oradan narkotrafik kimi istifadə olunması və digər məsələlər haqqında qonaqlara məlumat vermişdir. Nazir demişdir: “Azərbaycan Avropanın təhlükəsizlik strukturlarına ardıcıl olaraq inteqrasiya edir və onlarla əməkdaşlığı davam etdirir. Bu, Azərbaycanın müstəqil siyasət yeritdiyini göstərir. Biz çox təəssüf edirik ki, beynəlxalq qurumlar Ermənistanı işğalçı dövlət elan etmirlər. Hətta Sülh naminə tərəfdaşlığın çərçivə sənədinin mətnində də yazılmışdır ki, “tərəfdaş dövlətlər bir-birinin ərazi bütövlüyünə qarşı güc tətbiq etməkdən çəkinməli və mövcud sərhədləri tanımalıdır”. Biz hesab edirik ki, NATO bu məsələdə bitərəf mövqe tutmamalı və işğalçı Ermənistana təzyiq göstərməlidir”.
General-mayor F.Yaniz bildirmişdir ki, Azərbaycanın müstəqil dövlət olması və müstəqil siyasət yeritməsi artıq faktdır. Beynəlxalq ictimaiyyət bunu yüksək qiymətləndirir. Sizin ölkəniz NATO və tərəfdaş dövlətlərlə əməkdaşlığı təkmilləşdirməyə can atır. Bu səy silahlı qüvvələrinizin gələcəkdə daha da inkişaf etməsinə imkan yaradacaqdır.
Müdafiə naziri Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etməsi nəticəsində onun müstəqilliyinin möhkəmləndiyini, ordumuzun gücləndiyini vurğulamış, eyni zamanda bildirmişdir ki, Ermənistanın işğalçı siyasət yeritməsi Cənubi Qafqaz regionunda sabitliyin pozulmasına təhlükədir. Ona görə də bu təhlükənin aradan qaldırılması istiqamətində əlbir işləməliyik.