İQTİSADİYYAT
Azərbaycan nümayəndə heyəti Düşənbədə Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcək

Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan nümayəndə heyəti sentyabrın 29-30-da Düşənbə şəhərində keçiriləcək Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcək.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) AZƏRTAC-a bildirilib ki, bu barədə qurumun rəhbəri Yusif Abdullayev Tacikistanın Azərbaycanda yeni təyin olunan səfiri İlxom Abduraxmon ilə görüşündə deyib.
Görüşdə Y.Abdullayev Agentliyin fəaliyyəti haqqında məlumat verib, AZPROMO-nun dəstəyi ilə Azərbaycan nümayəndə heyətinin də iştirak edəcəyi Beynəlxalq İnvestisiya Forumunun ölkələr arasında, o cümlədən regional əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini deyib.
Səfir İlxom Abduraxmon dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətlərinə söykənən ölkələr arasında sıx siyasi əlaqələri vurğulayaraq, prezidentlərin qarşılıqlı yüksək səviyyəli səfərləri və birgə səylərinin ölkələrimizin iqtisadi-ticarət əlaqələrinə də müsbət təsir göstərdiyini bildirib. O, kənd təsərrüfatı, nəqliyyat və telekommunikasiya sahələrinin birgə əməkdaşlıq üçün vəd etdiyi geniş perspektivləri vurğulayaraq, bu sektorların potensialının səmərəli reallaşdırılmasına dair fikirlərini bölüşüb.
Görüş zamanı keçirilən tədbirlərin işgüzar dairələr və müvafiq dövlət qurumları arasında birgə təşəbbüslərin həyata keçirilməsinə yol açan tərəfdaşlıq sənədlərinin imzalanması üçün əhəmiyyətli platforma olduğu vurğulanaraq, bununla əlaqədar növbəti il Bakıda birgə biznes forumun təşkil olunması imkanlarına dair fikir mübadiləsi aparılıb.