AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏKDİR
Bakı, 25 fevral (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, fevralın 27-də İstanbulda Türkiyə Respublikası hökumətinin nəzdində Xaricdə Yaşayan Türklər və Türkdilli Xalqlarla İş üzrə İdarənin yaradılması ilə bağlı tədbir keçiriləcəkdir.
Türkiyənin Baş nazirinin, dövlət və hökumət üzvlərinin də iştirak edəcəkləri tədbirdə bu idarənin yaradılması ilə bağlı hazırlanmış qanun layihəsi türk icmalarına təqdim olunacaq, onların rəy və təklifləri dinləniləcək, xarici ölkələrdə yaşayan türklərin problemləri müzakirə ediləcək, həmçinin güclü türk lobbisinin yaradılması yollarından danışılacaqdır.
Tədbirə Türkiyədəki Qafqaz, Balkan dərnəklərinin təmsilçiləri də dəvət olunmuşlar.
Yeni yaradılacaq idarənin tanıdılması mərasimində Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Ramil Həsənov və Dövlət Komitəsinin əməkdaşları iştirak edəcəklər.
Tədbirdə, həmçinin Azərbaycan diaspor təşkilatları rəhbərlərinin iştirakı nəzərdə tutulur.
Xaricdə Yaşayan Türklər və Türkdilli Xalqlarla İş üzrə İdarə xarici ölkələrdə yaşayan türklərin inteqrasiyası, hüquq və azadlıqlarının qorunması, milli mənəvi dəyərlərinin mühafizəsi, Türkiyə ilə əlaqələrinin inkişafı, xaricdə təhsil alan türk tələbələrin problemlərinin həlli, türkdilli xalqlarla əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərəcəkdir.