AZƏRBAYCAN OMBUDSMANI, XOCALI SOYQIRIMININ 17-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR BEYNƏLXALQ TƏŞKİLATLARA BƏYANAT GÖNDƏRMİŞDİR
Bakı, 23 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilli Elmira Süleymanova Xocalı soyqırımının 17-cı ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlamışdır.
Fevralın 23-də bu münasibətlə keçirilən tədbirdə E.Süleymanova Xocalı faciəsinin dəhşətlərindən danışaraq bildirmişdir ki, yol verilmiş zorakılıq əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətə görə insanların məhv edilməsi niyyətilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı aktıdır. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayətlərdən biri hesab olunur.
Qadınlar, qocalar, əlillər, uşaqlar xüsusi amansızlıqla öldürülmüş, soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışlar. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoymuş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 155 nəfər itkin düşmüşdür.
Bu soyqırımı aktı nəticəsində 8 ailə bütünlüklə məhv edilmiş, mülki əhali vəhşiliklə qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncələr verilmişdir. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə yaşamaq hüququ kütləvi şəkildə, kobudcasına pozulmuşdur.
Hazırda Xocalı soyqırımı ilə bağlı məsələ dünyanın bir sıra dövlətlərinin parlamentlərində müzakirəyə çıxarılır, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Ermənistan təcavüzkar dövlət kimi tanınır, işğal edilmiş Azərbaycan ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün bərpa olunması tələb edilir.
Bəyanatda insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmış Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilmədiyi, terrorçu əməllərə qarşı qəti tədbirlər görülmədiyi təəssüflə qeyd olunmuşdur.
Bəyanat BMT-nin baş katibinə, bu qurumun İnsan Hüquqları üzrə Ali Komissarlığına, Avropa Şurasına, ATƏT-ə, beynəlxalq və Avropa ombudsmanlar qurumlarına, Asiya Ombudsmanlar Assosiasiyasına və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə göndərilmişdir.