ORDU
Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib
Roma, 20 sentyabr, AZƏRTAC
Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliya Respublikasına rəsmi səfərinin növbəti günündə Roma şəhərində yerləşən NATO Müdafiə Kollecini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, general-polkovnik K.Vəliyev kollecin komandanı general-leytenant Maks Nielsenlə görüşüb.
Azərbaycan Respublikasının İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanovun da iştirak etdiyi görüşdə hərbi təhsil sahəsində qarşılıqlı əməkdaşlıq imkanları və perspektivləri haqqında geniş müzakirələr aparılıb.
Sonra kollecin tarixi, əsas fəaliyyət istiqamətləri və tədris prosesi, həmçinin dinləyicilər üçün burada yaradılan şərait barədə Azərbaycan Ordusunun Baş Qərargah rəisinə ətraflı məlumat verilib.
Sonda general-polkovnik K.Vəliyev NATO-nun “Tərəfdaşlığın Qərargah Vəzifəsi Konsepsiyası” çərçivəsində xidmət edən, həmçinin "NATO regional əməkdaşlıq kursu"nun dinləyiciləri olan azərbaycanlı hərbi qulluqçular və mülki heyətlə görüşüb, onların təhsili və tədris şəraiti ilə maraqlanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma