Azərbaycan parlamentində şəhid ailələrinin üzvləri ilə görüş olub
Bakı, 13 mart, AZƏRTAC
Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev qəbul qrafikinə uyğun olaraq martın 13-də parlamentdə növbəti dəfə şəhid ailələrinin üzvləri və müraciət edən digər vətəndaşlarla görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı qaldırılan müxtəlif məzmunlu müraciətlərin bir qismi yerindəcə həll olunub, habelə sosial, humanitar, təhsil və məişət məsələlərinin həlli ilə bağlı aidiyyəti üzrə məktubların hazırlanması üçün müvafiq tapşırıqlar verilib.
Milli Məclis sədrinin müavini vətəndaşlarla görüşdə qeyd edib ki, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması dövlətimiz üçün prioritet məsələdir. O, şəhid ailələrinin və qazilərin qayğılarının Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman diqqət mərkəzində olduğunu xüsusi vurğulayıb.
Adil Əliyev, eyni zamanda, araşdırılması vaxt tələb edən müraciətlərin hər birinin onun tərəfindən nəzarətdə saxlanıldığını, orada qeyd olunan məsələlərin təhlil edilərək, qanunvericiliyin tələbləri nəzərə alınmaqla həll ediləcəyini diqqətə çatdırıb.