Azərbaycan Premyer Liqasının bütün komandaları Avropa Klublar Birliyinə üzv olublar - EKSKLÜZİV
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasında çıxış edən bütün komandalar Avropa Klublar Birliyinə (ECA) üzv olublar.
Bu barədə AZƏRTAC-a açıqlamasında "Qarabağ" klubunun baş meneceri və ECA-nın İcraiyyə Komitəsinin üzvü Asif Əsgərov məlumat verib.
Onun sözlərinə görə, bu qərar qurumun Bakıda keçirilmiş iclasında qəbul olunub: “İndiyə qədər cəmi dörd klubumuz ECA-ya üzv idi. Bizim təklifimizlə Avropa Klublar Birliyinin uyğun bölümündə bu məsələyə baxıldı və müsbət nəticə əldə olundu. Bütün klublarımız birliyin üzvü seçildi. Bunun sayəsində həmin klublar qurumun xidmətlərindən istifadə edə biləcəklər”.
Avropa Klublar Birliyinin iclasının Bakıda keçirilməsinin səbəbini də açıqlayan A. Əsgərov əlavə edib: “ECA-da klublar üçün müxtəlif xidmətlər mövcuddur. Azərbaycan və Gürcüstan kimi ölkələrin təmsilçiləri isə bunlardan xəbərsizdir. Buna görə də həmin xidmətlərdən istifadə edə bilmirlər. ECA-dan xahiş etdik ki, nümayəndələri Azərbaycana gəlsinlər və bu barədə klublarımıza ətraflı məlumat versinlər. Ən güclü xidmətlər olan kommersiya, hüquq və üzvlük departamentlərinin rəhbərləri və baş konsol ölkəmizə gəldi. Onlarla birlikdə Hüquq, Kommersiya və Üzvlük Departamentinin regional görüşü Bakıda keçirildi. Burada Azərbaycanla yanaşı, Gürcüstan klubları da iştirak etdilər. Çox faydalı və yüksək səviyyəli görüş oldu”.
İcraiyyə Komitəsinin üzvü iclasda klublara vacib məsələlərlə bağlı məlumatlar verildiyini vurğulayıb: “Bunlar düzgün müqavilə bağlama qaydaları, futbolçular sanksiyalarla üzləşərkən həyata keçirilməli olan hüququ proseduralardan ibarətdir. Kommersiya rəhbəri eyni zamanda klublara hər hansı bir sponsor və tərəfdaşla müqavilə bağlanılan zaman UEFA və digər ali qurumlar qarşısında götürülən öhdəliklər barədə məlumat verdi. Çalışırıq ki, klublarımızı Avropaya inteqrasiya edək”.