AZƏRBAYCAN PREZİDENTİ, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV AĞDƏRƏ RAYONUNDAKI “N” HƏRBİ HİSSƏSİNDƏ OLMUŞDUR
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev martın 1-də Ağdərə rayonundakı “N” hərbi hissəsində olmuşdur.
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ali baş komandana raport verdi.
Prezident İlham Əliyev cəbhə bölgəsində, səngərdə Vətənin keşiyində dayanan əsgər və zabitlərə baş çəkdi, onların hərbi xidmət şəraiti ilə maraqlandı, cihazlar vasitəsilə düşmənin üzbəüzdəki mövqelərini müşahidə etdi.
Ali baş komandan İlham Əliyev hərbi xidmətdə fərqləndiklərinə görə təltif olunmuş hərbi qulluqçulara elə səngərdəcə medallar və qol saatı təqdim etdi.
Sonra əsgər və zabitlərlə birlikdə çay süfrəsi arxasında əyləşən Azərbaycan Prezidenti onlarla səmimi söhbət etdi, hərbi hazırlıq vəziyyətləri ilə maraqlandı.
Ön xətdə xidmət edən hərbçilər hər an Ali baş komandanın əmrinə hazır olduqlarını vurğulayaraq, orduya göstərilən qayğıdan razılıqlarını bildirdilər və dedilər ki, əgər münaqişə sülh yolu ilə həll edilməsə, düşmən işğal olunmuş torpaqlardan çıxmasa, istənilən vasitə ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olacağıq.
Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, ölkəmizin iqtisadi və hərbi potensialının artdığını vurğulayan Prezident İlham Əliyev dedi ki, biz istənilən yolla torpaqlarımızı qaytarmalıyıq. 12 ildir atəşkəs rejimində yaşayırıq, amma heç bir nəticə yoxdur. Azərbaycanda çox güclü, nizami, yüksək döyüş qabiliyyətli ordu yaranır və o, ən müasir texnika ilə, silah-sursatla təmin olunur. Qarşı tərəf anlamalıdır ki, Azərbaycanda ordu quruculuğu sürətlə gedir və bu proses bundan sonra da davam edəcəkdir. Düşmənlə üz-üzə dayanan siz əsgərlər isə xüsusi diqqətə layiqsiniz.
Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev əsgər və zabitlərlə xatirə şəkli çəkdirdi.