AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BİBİHEYBƏT MƏSCİD-ZİYARƏTGAH KOMPLEKSİNDƏ OLMUŞDUR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Bibiheybət məscid-ziyarətgah kompleksində olmuşdur.
Prezident İlham Əliyev əvvəlcə məsciddə İmam Rza əleyhis-səlamın bacısı həzrəti Hökumə xanımın və yeddinci imamın üç nəvəsinin dəfn olunduğu yerə gəldi, İslam aləminin mənəvi dəyərlərindən olan bu qəbirləri ziyarət etdi. Onların ruhuna dua oxundu.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə və Bibiheybət məscid-ziyarətgahının axundu hacı Hikmət Əlizadə dövlətimizin başçısına məscidin tarixi, müqəddəs məzarlar üstündə tikilmiş baş ziyarətgah, kişilər və qadınlar üçün nəzərdə tutulan ibadətgahlar barədə məlumat verdilər. Bildirildi ki, ulu öndər Heydər Əliyev bu məscidi dörd dəfə ziyarət etmişdir. Burada 1257-ci ildə Şirvanşah II Fərruxzad tərəfindən ilk minarə ucaldılmışdı. 700 il ərzində burada Azərbaycan memarlığının nümunəsi qorunub saxlanılmışdı. Çox şükür olsun ki, ümummilli liderimiz Heydər Əliyev məscid-ziyarətgaha ikinci həyat verdi. Qədirbilən Azərbaycan xalqı da ulu öndərimizin şərəfinə burada “Heydər minarəsi”ni ucaltdı.
Din xadimləri “Heydər minarəsi”ndən azan verilməsinin vacibliyini də vurğuladılar, eyni zamanda bildirdilər ki, Qafqazda və keçmiş SSRİ məkanında bu cür minarə, mehrab heç yerdə yoxdur. Heydər Əliyevin əvəzsiz xidmətlərini unutmayan ustalarımızın əl işləri burada daim yadigar qalacaqdır.
Prezident İlham Əliyev vaxtilə ulu öndər Heydər Əliyevin göstərişi ilə burada görülən işləri, Azərbaycan ustalarının sənətkarlığını yüksək qiymətləndirdi.
Dövlətimizin başçısı dedi ki, mən buraya nə qədər lazımdırsa, vəsait ayıracağam, biz məscid-ziyarətgahı tezliklə yüksək səviyyədə tamamlamalıyıq. Burada başqa ölkələrdən və respublikamızdan gələn zəvvarları qəbul etmək üçün hər cür şərait yaradılmalıdır. Bundan ötrü nə qədər vəsait lazımdırsa ayrılacaqdır.
Din xadimləri bildirdilər ki, vaxtilə ulu öndərimizə də məlumat verilmişdi, bu məscid İslamın dörd müqəddəs ziyarətgahı sırasında üçüncü yeri tutur.
Üçmərtəbəli kompleksdə zəvvarları qəbul etmək və yerləşdirmək üçün otaqlar, qadınlar üçün ayrıca dəstəmazxanalar, ehsan otağı, mədrəsə və kitabxana nəzərdə tutulmuşdur. Eyni zamanda, məscidin tarixini əks etdirən muzeyin yaradılması, ümumiyyətlə, ən müasir səviyyəli kompleksə çevrilməsi, ərazinin genişləndirilməsi üçün köməyə ehtiyac duyulduğu bildirildi.