AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÇXR-İN XARİCİ İŞLƏR NAZİRİ Lİ ÇJAOSİNİ QƏBUL ETMİŞDİR
Qonağı səmimiyyətlə salamlayan dövlətimizin başçısı Çinin xarici işlər nazirinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizə dair qarşılıqlı maraq doğuran məsələlərin daha geniş şəkildə müzakirə olunmasına imkan yaradacağını nəzərə çarpdırdı.
Cənab Li Çjaosin ilə keçən il BMT Baş Məclisinin sessiyasında görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin görüşdə ölkələrimizin bir çox sahələrdə əməkdaşlığına dair əhəmiyyətli məsələlərin müzakirə olunduğunu vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, həmin görüşdən keçən bir il ərzində ikitərəfli münasibətlərimiz daha da möhkəmlənmiş və inkişaf etmişdir.
Prezident İlham Əliyev dedi ki, biz Çin ilə ikitərəfli münasibətlərə böyük əhəmiyyət veririk, siyasi əlaqələrimizin də yüksək səviyyədə olmasından çox məmnunuq. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan ilə Çin daim bir-birilərini dəstəkləyir, ölkəmiz Tayvan məsələsi ilə bağlı həmişə vahid Çin mövqeyindən çıxış edir və bu mövqeyimiz gələcəkdə də dəyişməyəcəkdir.
Qarşılıqlı iqtisadi əlaqələrin də sürətlə inkişaf etdiyini nəzərə çarpdıran Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan tərəfi Çin şirkətlərinin ölkəmizə böyük maraq göstərməsini alqışlayır. Ümidvarıq ki, qarşılıqlı surətdə faydalı əlaqələrimiz bundan sonra da inkişaf edəcəkdir.
Azərbaycanın neft sektorunda Çin şirkətlərinin də böyük uğurla fəaliyyət göstərdiyini vurğulayan dövlətimizin başçısı ölkəmizdə bütün xarici sərmayədarlara, o cümlədən Çin sərmayədarlarına əlverişli şərait yaradıldığını nəzərə çarpdırdı.
Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, ÇXR sərmayədarları ölkəmizin qeyri-neft sektorunda da fəallıqla iştirak edəcəklər.
ÇXR Kommunist Partiyasının yüksək vəzifəli nümayəndə heyətinin Azərbaycana səfərindən və onlarla keçirdiyi görüşdən söhbət açan dövlətimizin başçısı partiyalararası əməkdaşlığın da genişlənməsində hər iki tərəfin maraqlı olduğunu vurğuladı.
Prezident İlham Əliyev bir daha əmin olduğunu bildirdi ki, ÇXR xarici işlər nazirinin ölkəmizə səfərinin əməkdaşlığımızın möhkəmlənməsi baxımından böyük əhəmiyyəti var və bu səfər əlaqələrimizin daha da inkişaf etməsinə xidmət göstərəcəkdir.
Səmimi qəbula və xoş sözlərə görə minnətdarlığını bildirən qonaq Çin Xalq Respublikasının sədri Xu Szintaonun səmimi salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Cənab Li Çjaosin dedi ki, ÇXR-in sədri və ümumiyyətlə, Çin rəhbərliyi Prezident İlham Əliyevin Çinə gələn il üçün planlaşdırılmış rəsmi səfərini böyük səbirsizliklə gözləyirlər. Qonaq qeyd etdi ki, dövlətimizin başçısının bu səfəri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Çinə böyük uğurla başa çatmış rəsmi səfərindən sonra ölkələrimizin ikitərəfli münasibətləri tarixində çox böyük hadisə olacaq, dostluq əlaqələrinin daha da möhkəmlənməsi işinə yeni təkan verəcəkdir.
BMT Baş Məclisinin sessiyasında Prezident İlham Əliyevlə görüşünü həmişə çox böyük məmnuniyyətlə xatırladığını bildirən qonaq həmin görüşün onda böyük təəssürat doğurduğunu nəzərə çarpdırdı. O bildirdi ki, bu görüş Azərbaycan rəhbərinin ÇXR-lə əlaqələrə böyük əhəmiyyət verdiyini nümayiş etdirir.
Dost, zəngin və gözəl ölkə olan Azərbaycana ilk səfərindən çox böyük məmnunluq duyduğunu bildirən qonaq dedi ki, respublikamıza bu səfərinin əsas məqsədi Azərbaycanın və Çinin yaşlı nəsil rəhbərləri arasında vaxtilə əldə edilmiş razılıqların yerinə yetirilməsi məsələlərini azərbaycanlı həmkarları ilə birlikdə müzakirə etməkdən ibarətdir. Cənab Li Çjaosin bildirdi ki, onun Bakıya səfəri eyni zamanda, Prezident İlham Əliyevin Çinə qarşıdakı səfərinə siyasi hazırlıq məqsədi daşıyır.
Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayan qonaq Azərbaycanın və Çinin suverenliyi sayəsində dövlətlərimizin bir-birinə böyük etimad və hörmət göstərməsini, bir-birini dəstəkləməsini, qarşılıqlı anlaşmanın mövcud olmasını yüksək qiymətləndirdi. O, Azərbaycanın vahid Çin barədə mövqeyinə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirdi.
Azərbaycanın Xarici İşlər Nazirliyində keçirdiyi görüşə toxunan qonaq bu görüş zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlıq məsələsinin də müzakirə olunduğunu bildirdi. Cənab Li Çjaosin ölkələrimizin iqtisadi, ticarət əlaqələrinin də daim genişlənməsindən məmnunluq ifadə etdi.
Qonaq ümidvar olduğunu bildirdi ki, ölkələrimiz arasında dostluq münasibətləri daim inkişaf edəcək və möhkəmlənəcəkdir.
Qəbulda Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycanın ÇXR-dəki səfiri Yaşar Əliyev, Çinin ölkəmizdəki səfiri Çjan Siyun iştirak edirdilər.