RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV DAĞISTAN RESPUBLİKASI PREZİDENTİNİN MÜŞAVİRİ SƏİD QURBANOVU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Prezident sarayında Dağıstan Respublikası Prezidentinin müşaviri Səid Qurbanovu qəbul etmişdir.
Ulu öndər Heydər Əliyevlə uzun illər şəxsi dostluq münasibətlərini xatırlayan Səid Qurbanov xalqımızın ümummilli liderinin vəfatının ildönümü ilə əlaqədar dövlətimizin başçısına dərin hüznlə başsağlığı verdi. Onunla keçirdiyi görüşlərinin heç bir zaman unudulmayacağını deyən qonaq Azərbaycanın tərəqqisində və inkişafında ulu öndərin əvəzsiz xidmətlər göstərdiyini vurğuladı. Səid Qurbanov müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi.
Dövlətimizin başçısı başsağlığına görə Səid Qurbanova minnətdarlığını bildirdi. Prezident İlham Əliyev onun ümummilli lider Heydər Əliyevlə uzun illər davam etmiş dostluq münasibətlərini yaxşı xatırladığını dedi və ulu öndərin xatirəsini daim uca tutmasını yüksək qiymətləndirdi.