AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV KOMMUNAL TƏYİNATLI YENİ TEXNİKA VƏ AVADANLIQLA TANIŞ OLMUŞDUR
Avqustun 18-də Bakının Azadlıq meydanında ölkəmizin mənzil-kommunal təsərrüfatının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə respublikaya gətirilmiş kommunal təyinatlı yeni texnikalar nümayiş etdirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev yeni texnika və avadanlıqla tanış olmuşdur.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, Prezidentin “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 2008-ci il 6 avqust tarixli Sərəncamına uyğun olaraq, paytaxtda kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sahəsində işlərə başlanılmışdır. Ölkəmizdə fəaliyyət göstərən “İmprotex”, “Franklin”, “Aqrointer” və “Avtoaz” şirkətləri tərəfindən 274 ədəd texnika, məişət tullantıları üçün 511 ədəd konteyner alınıb paytaxta gətirilmişdir.
Prezident İlham Əliyev müasir tələblərə cavab verən kommunal təyinatlı avtomobillər və onların texniki xüsusiyyətləri ilə tanış oldu.
Məlumat verildi ki, Almaniya istehsalı olan “Faun Rotopress-522” tullantıdaşıyan maşının bunkerinin həcmi 22 kubmetr olsa da, preslənmiş formada 80 kubmetr yük götürə bilir. Sürücü kabinəsindən asanlıqla idarə olunan avadanlıq məişət tullantılarını doğrayıb presləməyə imkan verir. Silindr formaya malik bunkerin qapağı bağlanır ki, bu da tullantının qoxusunun ətrafa yayılmasının qarşısını alır. Avtomobilin dönmə radiusu 7,2 metrdir və bu, şəhər şəraitində onun manevrliliyini artırır.
Fransa istehsalı olan “Bobcat-T40140” avtomobilinin yükgötürmə qabiliyyəti 4 ton, qaldırma hündürlüyü isə 14 metrdir. Bu texnikaya üstünlük verən onun 50-dən çox üst qurğusunun olmasıdır. Avtomobilin kabinəsi soyutma sistemi ilə təchiz olunmuşdur.
Yaponiya istehsalı olan və şəhərin dar küçələrində işləmək üçün nəzərdə tutulan “İsuzu” avtomobili isə 5-15 kubmetr həcmində preslənmiş tullantı daşıya bilir. Rusiyadan gətirilmiş “KO-440” tullantıdaşıyan maşını 48 kubmetr həcmində tullantı götürür. “Kamaz-43255” avtomaşınının isə yükgötürmə qabiliyyəti 7 tondur. Yollara su səpmək üçün nəzərdə tutulan "Kamaz-43253" markalı avtomobil 8 ton su götürür.
Bildirildi ki, Bakı şəhərində məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi yüksək səviyyədə həyata keçiriləcəkdir.
Prezident İlham Əliyev “Faun Rotopress-522”, “Bobcat-T40140”, “İsuzu”, “Kamaz-43255”, “Kamaz-43253”, “KO-440” markalı avtomobillərin tez bir vaxtda alınıb gətirilməsini yüksək qiymətləndirdi, məişət tullantılarının daşınmasında vahid sistemin yaradılmasının zəruriliyini bildirdi. Dövlətimizin başçısı müvafiq tövsiyə və tapşırıqlarını verərək vurğuladı ki, yeni texnikalar xarici görünüşü ilə də seçilir və müasir standartlara cavab verir.
Xatırladaq ki, son illər Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə tapşırığı və göstərişi əsasında Bakı şəhərində, bölgələrdə irimiqyaslı abadlıq və quruculuq işləri aparılır. Görülən işlər paytaxtın simasını günbəgün dəyişir, Bakı dünyanın ən gözəl şəhərləri sırasına daxil olur. Bunu Azərbaycana gələn çoxsaylı xarici qonaqlar da xüsusi vurğulayırlar.
######
![]() |
![]() |
![]() |
![]() |



