AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV PEKİN OLİMPİADASINDA YUNAN-ROMA GÜLƏŞİ YARIŞLARINI İZLƏMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 12-də Pekində, XXIX Yay Olimpiya oyunlarında yunan-Roma güləşi üzrə 55 və 60 kiloqram çəki dərəcələrində yarışların final görüşləri keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yarışları izləmişlər.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe və Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinetti salona gələn Azərbaycan Prezidenti və xanımı ilə səmimiyyətlə görüşmüş və idmançılarımıza uğurlar arzulamışlar.
Əvvəlcə 55 kiloqram çəki dərəcəsində final görüşü keçirilmişdir. Bu çəki dərəcəsində Azərbaycanı təmsil edən 21 yaşlı Rövşən Bayramov Rusiya idmançısına cüzi fərqlə uduzaraq, Olimpiadanın gümüş medalını qazanmışdır.
Yarışların yarımfinal görüşündə Rövşən Bayramov köhnə rəqibi, Ermənistan idmançısı Roman Amoyana 11:3 hesabı ilə qalib gəlmişdi. Bu, R.Bayramovun erməni güləşçisi üzərində indiyədək ikinci qələbəsidir. O, ötən ilin sentyabrında Bakıda keçirilən dünya çempionatında da Amoyanı məğlub etmişdi.
Həmin görüşü izləyən Ermənistan Prezidenti Serj Sarkisyan Rövşən Bayramovun qələbəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etmişdi.
Sonra 60 kiloqram çəki dərəcəsində yarışan pəhləvanların final görüşü olmuşdur. Həlledici görüşə çıxan daha bir Azərbaycan idmançısı Vitali Rəhimov da Pekin Olimpiadasının gümüş medalını qazanmışdır.
Pəhləvanlarımızı təbrik edirik.