AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV XALQ ARTİSTİ ARİF BABAYEVİ QƏBUL ETMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 29-da Prezident sarayında xalq artisti, professor Arif Babayevi qəbul etmiş, Azərbaycan muğam sənətinin inkişafındakı böyük xidmətlərinə görə “İstiqlal” ordenini ona təqdim etmişdir.
Prezident İLHAM ƏLİYEV görkəmli muğam ustasına müraciətlə dedi:
- Mən sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif etmişəm və istəyirəm bu gün bu ordeni özüm sizə təqdim edim.
Xalq artisti ARİF BABAYEV dövlətimizin başçısına təşəkkür edərək dedi:
- Cənab Prezident, çox sağ olun, Sizə minnətdaram. Müstəqil Azərbaycanımızın bu yüksək ordenini mənə verdiyinizə görə Sizə öz adımdan, ailəmin adından və qarabağlıların adından təşəkkürümü bildirirəm.
İLHAM ƏLİYEV: Siz buna layiqsiniz. Azərbaycan xalqı qarşısında böyük xidmətləriniz olmuşdur. Həmişə öz sənətinizlə bütün Azərbaycan xalqını sevindirmisiniz.
Dövlətimizin başçısı “İstiqlal” ordenini Arif Babayevə təqdim edərək, onu bir daha təbrik etdi.
ARİF BABAYEV: Cənab Prezident, çox sağ olun, minnətdaram.
Mən çalışacağam ki, bu etimadı doğruldum. Nə qədər ömrüm var, öz sahəmdə əlimdən gələni əsirgəməyəcəyəm. Mən bunu ürəyimlə, varlığımla deyirəm ki, son zamanlar Azərbaycan başdan-başa dəyişir, gözəlləşir, abadlaşır. Hər şeyi xalqımız görür. Qarşıdan seçkilər gəlir. Xalqımız ürəklə, canla-başla Sizə səs verəcəkdir. Siz Prezident olduğunuz bu müddətdə çox böyük, əvəzolunmaz işlər görmüsünüz. Allah ulu öndər Heydər Əliyevə rəhmət eləsin. Siz onun davamçısı kimi hər sahədə çox böyük işlər görürsünüz. Vallah, bizim rayonlara gedəndə gərək rezin çəkmə alıb geyinəydin. İndi maşallah, ölkəmizin hər bölgəsində, rayonlarda gözəl asfalt çəkilir, evlər tikilir. Hansı rayona gedirsən, hansı bölgəyə gedirsən, hamısı gözəldir, indi o rayonları tanımaq olmur. Bunun hamısı Sizin qayğınızdır. Allah Sizə yar olsun.
Mehriban xanıma da biz öz təşəkkürümüzü bildiririk. Mehriban xanımın bizim muğam sahəsində həyata keçirdiyi layihələri bütün dünya alqışlayır. Bu yaxınlarda müsabiqələr oldu. O müsabiqələrdə telefon zənglərinin ardı-arası kəsilmirdi. Bütün dünyanın hər yerindən azərbaycanlılar zəng edirdilər. Heç vaxt milli musiqimiz bu zirvəyə qalxmamışdı, bu ucalıqda olmamışdı.
İLHAM ƏLİYEV: Əlbəttə, biz elə etməliyik ki, ölkəmiz hərtərəfli inkişaf etsin. Həm regionlarda, həm də Bakıda görülən işlər Azərbaycanı gücləndirir, insanlar üçün daha da yaxşı şərait yaradır. İndi Bakı şəhərini görürsünüz, necə gözəlləşir. Həm rayonlar, həm infrastruktur, həm binalar, həm də yollar - hər şey. O cümlədən bizim mədəniyyətimizə də böyük diqqət göstərilməlidir. Mən həmişə demişəm ki, bizi bir millət kimi assimilyasiyadan qoruyan mədəniyyətimiz, dilimiz, musiqimiz və əsərlərimiz olubdur. Ona görə biz bu sahəyə daim böyük diqqət göstərməliyik. Muğam sənətinə Azərbaycan xalqının qəlbində olan məhəbbəti biz bir daha müsabiqədə gördük. Siz yaxşı bilirsiniz ki, xaricdə yaşayan bütün soydaşlarımız televiziya vasitəsilə baxırdılar və Azərbaycan vətəndaşları da baxırdılar. Hamımız çox sevinirdik ki, gənc nəsil yetişir. Yəni bu sənət davam edir və bunun gələcəyi də çox gözəl olacaqdır.
######
![]() |
![]() |
![]() |


