AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
-Sağ olun. Dəvətə görə Sizə təşəkkür edirəm. Dünən və bu gün apardığım danışıqlardan çox məmnunam. Bu müzakirələr Avropa İttifaqı və Azərbaycan arasındakı əlaqələrin davamlı inkişafı üçün çox geniş imkanlar yaradır. Biz bu əlaqələrə böyük önəm veririk. Biz əməkdaşlığın səviyyəsini yüksək dəyərləndiririk. Biz bu əməkdaşlığın praktiki cəhətlərini müzakirə etdik. Əlaqələrimizin gündəliyi genişlənir. Hazırda bu gündəlik regional inkişafa, iqtisadi əməkdaşlığa, siyasi islahatlara və təbii ki, enerji təhlükəsizliyi və şaxələndirməyə dair bir sıra məsələləri özündə əks etdirir.
Münaqişələrin həlli, regiondakı təhlükəsizlik - bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir və bu məsələlərin həlli üçün biz Avropa İttifaqı ilə Azərbaycan arasındakı səmərəli dialoqu davam etdirəcəyik. Bizim baxışlarımız bir çox regional inkişaf məsələləri üzrə üst-üstə düşür. Bu gün qitənin təhlükəsizliyi sahəsində ən mühüm məsələlərdən biri sayılan enerji təhlükəsizliyinə gəldikdə isə, Azərbaycan bir dost, karbohidrogen ehtiyatlarının etibarlı təchizat mənbəyi və etibarlı tranzit ölkəsi kimi enerji şaxələndirilməsində öz rolunu davam etdirəcəkdir. Bu, hamımız üçün vacibdir.
Avropa İttifaqı və Azərbaycan arasındakı əlaqələr qarşılıqlı şəkildə faydalıdır. Ümid edirəm ki, “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində yaranacaq yeni format bu əlaqələri möhkəmləndirəcəkdir.
Bir daha qəbul edən tərəfə qonaqpərvərliyə görə təşəkkür etmək istərdim və cənab Solananı istənilən münasib bir vaxtda Azərbaycana səfərə dəvət edirəm. Bu günlərdə apardığım danışıqlardan dərin razılığımı ifadə edirəm.
Sağ olun.
######
![]() |
![]() |

