AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MOSKVAYA İLK RƏSMİ SƏFƏRİNƏ RUSİYADA BÖYÜK ƏHƏMİYYƏT VERİRLƏR
Azərbaycan-Rusiya əlaqələrindən danışarkən, təxminən 200 il eyni dövlətin tərkibində olduğumuz dövrü xatırlamaqla yanaşı, ölkəmizin müstəqilliyi dövrünün axırıncı on ilinin xüsusi yerini vurğulamamaq mümkün deyildir. Həmin onillik zaman kəsiyində Azərbaycan-Rusiya münasibətlərində yeni bir dövr başlanmışdır. Bu dövrdə Azərbaycan-Rusiya əlaqələrinin tədricən yeni məcraya düşməsində görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevə nə qədər borclu olduğumuzu dərk etməliyik.
Rusiya ilə münasibətlərimizin tarixində bu ölkədə Vladimir Putinin Prezident seçilməsindən sonra hər iki dövlətin başçılarının sıx təmaslarının uğurlu nəticələri ayrıca vurğulanmalıdır. Cənab Putin Azərbaycana, ümummilli liderimizə, xalqımıza xüsusi hörmətlə yanaşdığını dəfələrlə bəyan etmişdir. “Mən Heydər Əliyevə təkcə hörmətlə yox, həm də böyük məhəbbətlə yanaşırdım” - deyən Vladimir Putin ilk dəfə olaraq, Rusiya Federasiyasının Prezidenti kimi ölkəmizə səfər etməklə həm Azərbaycana, həm də onun liderinin timsalıında xalqımıza məhəbbətini nümayiş etdirmişdir.
Rusiya rəhbərinin MDB-nin Yalta sammitində İlham Əliyev ilə son dərəcə səmimi görüşü prezidentlər Heydər Əliyevin və Vladimir Putinin möhkəm təməlini qoyduqları münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə şübhə yeri qoymadı.
Bu gün həm Prezident İlham Əliyevin, həm də Prezident Vladimir Putinin razılıqla bəhs etdikləri qarşılıqlı münasibətlər siyasi əlaqələrimizin həm keyfiyyətinə, həm də məzmununa yeni çalarlar gətirməklə yanaşı, Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı üçün də geniş imkanlar açmışdır. Statistikaya görə, MDB ölkələri ilə Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 45,6 faizdir. Ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq edir. Təhsil, elm, mədəniyyət, idman və sair sahələrdə də yaxşı əlaqələr yaranmışdır. Bütün bunlar insani münasibətlərin də möhkəmlənməsinə olduqca müsbət təsir göstərir. Rusiyada yüz minlərlə soydaşımızın, Azərbaycanda isə çoxsaylı rusların yaşadığını nəzərə alsaq, bu, son dərəcə vacibdir.
Beləliklə, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya səfəri başlayır. Bəs, Rusiyada bu səfəri necə gözləyirlər?